Accessibility links

“Demokratiya 1918” Hərəkatının sədri: Heç bir əsas göstərmədən mənim ölkədən çıxışıma qadağa qoyublar


Əhməd Məmmədli: Heç bir əsas göstərmədən mənim ölkədən çıxışıma qadağa qoyublar
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Dekabrın 30-da “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədlinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Amerikanın Səsinə Hərakat sədri məlumat verib.

Məmmədli deyir ki, o bu gün səhər saatlarında magistratura təhsili ilə bağlı Türkiyəyə getmək üçün hava limanına yollanıb, lakin hava limanında ona ölkədən çıxışına qadağa qoyulduğu deyilib:

“Sentyabrda təhsilimi davam etdirmək üçün təyyarə bileti almağa gedəndə həbs edilmişdim. Bu dəfə, xoşbəxtlikdən, bileti ala bildim və hava limanına qədər gedə bildim. Orada mənə ölkədən çıxışıma qadağa qoyulduğu deyildi. Bundan sonra başa düşdüm ki, həbsdə mənə edilən təhdid və təkliflərin icraasına başlanılıb”.

Əhməd Məmmədlinin sözlərinə görə, həbsdə mövqeyindən çəkilməyəcəyi halda həbs ediləcəyi və ya ölkədən çıxışına qadağa qoyulacağı ilə bağlı təhdidlər alıb.

“Ölkədən çıxmağımla bağlı heç bir məhdudiyyət yoxdur və mənimlə bağlı Prokurorluqda aparılan iş saxta sənəd ittihamıdır, amma nədənsə mənim ölkədən çıxışıma qadağanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qoyub. Heç bir əsas göstərmədən mənim ölkədən çıxışıma qadağa qoyublar”.

Hərəkat sədri deyib ki, məsələni məhkəmədə mübahisələndirəcək və işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər daşıyacaq. Onun sözlərinə görə, bundan sonra növbəti addım olaraq öz həbsini gözləyir.

İş günü bitdiyi üçün hələlik Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət almaq mümkün olmayıb.

Noyabrın 16-da "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli Cəlilabad Rayon Prokurorluğuna çağırılıb. Onun sözlərinə görə, prokurorluq ona qarşı cinayət işi açmağa cəhd edir. Əhməd Məmmədli bildirib ki, prokurorluq onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etdiyi, magistratura təhsilini davam etdirmək üçün Muğla Sıtkı Koçman Universitetinə qəbul aldığı sənədi saxta hesab edir.

Sentyabrın 20-də Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədliyə Səbail Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 30 sutka inzibati həbs cəzası verib.

Hərəkatın sədri məhkəmənin önündən polis maşını ilə aparılarkən bildirib ki, o sülh çağırışlarına və İlham Əliyevi tənqidlərinə görə həbs olunub. Əhməd Məmmədli həbsinin əsassız olduğunu deyib. O deyir ki, bununla bağlı ona təzyiq göstərilib. Əhməd Məmmədli öz Facebook hesabında sülh çağırışları və İlham Əliyevi tənqid edən bir neçə paylaşımlar edib.

Oktyabrın 21-də 30 sutka inzibati həbs cəzasından azadlığa çıxan Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli mətbuat konfransı keçirib. Hərəkət sədri bildirib ki, inzibati həbsdə olarkən ona sülhlə bağlı danışmayacağı təqdirdə təhsilini davam etdirmək üçün ölkədən çıxışına şərait yaradılacağı barədə təkliflər olunub, lakin Məmmədli bundan imtina etdiyini deyib. Əhməd Məmmədli əlavə edib ki, o magistratura təhsili üçün ona möhlət hüququ tanınıb və natariusda təsdiq olunub, lakin siyasi fəaliyyəti ilə bağlı bu hüququndan məhrum edilə bilər.

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev o zaman Amerikanın Səsinə bildirmişdi ki, hansısa vətəndaşın hərbi xidmətə göndərilməsi Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

Qeyd edək ki, noyabr ayında "Demokratiya 1918" Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya və Hərəkatın İdarə Heyəti üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Hərəkatın İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının Kuryerlər Birliyinin rəhbəri Elvin Feyruzzadə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.

XS
SM
MD
LG