Accessibility links

“Demokratiya 1918” Hərəkatının üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib


“Demokratiya 1918” Hərəkatının fəalları Orxan Zeynallı (solda) və Afiəddin Məmmədov.
“Demokratiya 1918” Hərəkatının fəalları Orxan Zeynallı (solda) və Afiəddin Məmmədov.

“Demokratiya 1918” Hərəkatının İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının kuryer üzvü Orxan Zeynallıya 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə məlumatı İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının sədri Afiəddin Məmmədov Amerikan Səsinə bildirib.

Məmmədovun sözlərinə görə, Orxan Zeynallı noyabrın 10-da axşam saatlarında 5 mülki geyimli şəxslər tərəfindən evindən aparılıb. Məmmədov bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov rayonu 18-ci polis bölməsinə çağırıblar, lakin o rəsmi bildiriş olmadan polis bölməsinə getməkdən imtina edib:

“Orxan saxlanıldığı gecə onun evinin işığını söndürüblər, o işıqla bağlı problemi aradan qaldırmaq üçün evdən çıxıb, bu zaman mülki geyimli şəxslər ona hücum çəkiblər. Orxan bir ay əvvəl oğurlanan velosipedi ilə bağlı polisə şikayət edib, lakin polis müxtəlif bəhanələrlə onun şikayətinə baxmayıb. O isə bununla bağlı polislər haqqında tənqidi status yazıb”.

Afiəddin Məmmədov Orxan Zeynallının saxlanmasına səbəb kimi onun polis barəsində yazdığı tənqidi statusları göstərir, lakin onlara Orxan Zeynallının nədə ittiham edilməsi barədə dəqiq məlumat verilməyib. O deyir ki, saxlanandan sonra həyat yoldaşı polisə dəvət edilib və ondan həmin statusların silinməsi tələb edilib.

İşçi Masasının sədri qeyd edib ki, Orxan Zeynallının saxlanılmasından sonra İşçi Masasının fəal üzvlərini iş yerlərinə çağıraraq, müxtəlif bəhanələrlə işdən çıxarmağa başlayıblar.

“İlk addımı da "Wolt" şirkəti atıb”, deyə Məmmədov bildirib.

Orxan Zeynallının hansı səbəbdən saxlanıldığı barədə Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb. Bundan öncə isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev mediaya açıqlamasında Orxan Zeynallının saxlanıldığını təsdiqləyib, hazırda araşdırma aparıldığını qeyd edib.

Elşad Hacıyev araşdırmanın detallarını açıqlamayıb.

XS
SM
MD
LG