Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcək

Ceyhun Bayramov və Ararat Mirzoyan (Arxiv foto)

Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur," Abdullayeva qeyd edib.

İki ölkənin xarici işlər nazirlərinin görüşü Azərbaycan-Ermənistan sərhədində son gəginliklərdən sonraya təsadüf edir.

Belə ki, bu il sentyabrın 12-dən 14-dək və sonrakı günlərdə Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırıb.

Rəsmi məlumatlara görə, döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 208 nəfərə çatıb, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Bununla yanaşı, Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda görüşü olub və iki ölkənin sərhədindəki son gərginlik müzakirə edilib.

"Biz növbəti zorakılıqdan qaçmağın və vaxtında məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik," Ceyk Sallivan görüşdən sonra qeyd edib.

Dövlər Departamentinin rəsmisi Ned Prays isə deyib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib.

“Öz növbəsində dövlət katibi Blinken xarici işlər nazirliklərindən olan həmkarları ilə danışıqlar aparıb. Dövlət katibi həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb,” o qeyd edib.