Yanvarın 28-də Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş olacaq.
İRNA agentliynin məlumatına görə, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoyt arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.
Görüşün harada keçiriləcəyi barədə məlumat verilmir.
“Nazirlər birgə əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması, 2025-ci il üçün yol xəritəsinin hazırlanması, Rəşt-Astara dəmir yolunun tikintisinin texniki və icraedici detalları, yanvarın 28-də İran-Rusiya-Azərbaycan üçtərəfli görüşünün keçirilməsi və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb. İranlı nazir Əmirabad və Xəzər limanlarının dəmir yolu şəbəkəsinə qoşulmasını və Şimal-Cənub dəhlizinin kommersiyalaşdırılması istiqamətində addımların atılmasını nəzərə alaraq Xəzər dənizindən maksimum istifadəni vurğulayıb”, İRNA nazirlərin danışığına istinadən bildirir.
Rusiya hökumətinin məlumatına görə, 2024-cü il dekabrın 21-də Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub dəhlizində tranzit yükdaşımaların inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
Saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımaların və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini müəyyən edir. Yüklərin daşınması üçün sərhədi keçməyi asanlaşdıran şərait yaradılacaq, daşımaların həcmlərinin artım templəri ilə dəmir yolu infrastrukturunun inkişafı arasında tarazlıq təmin ediləcək.
Rusiya hökuməti bildirir ki, sənəd il ərzində ən azı 15 milyon ton yük daşınmasını təmin edəcək. Ümumiyyətlə, Bəndər-Abbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq.
2023-cü il mayın 17-də Tehranda İran və Rusiya Şimal-Cənub dəhliznin bir komponenti olacaq Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıb.
Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.
Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.
Rəşt-Astara dəmir yolunun salınmasından sonra Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın cənubundakı Fars körfəzində Bəndər-Abbas limanına daşına biləcək. Digər tərəfdən Rusiyanın Hindistan, ərəb ölkələri və İrandan idxal etdiyi mallar da Fars körfəzində İranın cənub limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırıla bilər.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında saziş”ə qoşulub.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.