Accessibility links

Rusiya və İran Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsini zəruri hesab edir


Şimal-Cənub dəhlizi (Mənbə: TRACECA)
Şimal-Cənub dəhlizi (Mənbə: TRACECA)

Sentyabrın 16-da İranın iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmati İran, Rusiya, Hindistan və Körfəz ölkələri arasında əməkdaşlığı artırmaq üçün tranzit marşrut kimi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

İRNA agentliyinin məlumatına görə, bu barədə Hemmati Rusiya prezidenti Vladimir Putinin köməkçisi İqor Levitinlə görüşdə deyib.

O qeyd edib ki, Rusiyanın Şimal-Cənub meqalayihəsinə ciddi dəstək verəcəyi gözlənilir.

“İran hökuməti digər ölkələrin layihəyə sərmayə qoymasını dəstəkləyir” deyən nazir İranın xüsusi investisiya stimulları təqdim etməklə digər ölkələrin beynəlxalq nəqliyyat dəhlizində iştirakını asanlaşdırmağa hazır olduğunu qeyd edib.

O, Rusiyanın İrana, xüsusilə neft, logistika və tranzit infrastruktur layihələrinə investisiyalarının genişlənəcəyinə ümid etdiyini bildirib.

Öz növbəsində Rusiya tərəfi bəyan edib ki, nəqliyyat dəhlizində işlərin icrası Rusiya prezidentinin xüsusi sərəncamı ilə həyata keçirilir.

Levitin bildirib ki, ölkəsi Rəşt-Astara dəmir yolu üçün büdcə ayıracaq.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Avropa İttifaqının və ABŞ-ın sanksiyaları altında olan Rusiya və İranı birləşdirən əsas yollar Azərbaycandan keçir. İki ölkəni keşmişdə birləşdirən dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması ilə bağlı hazırda Rusiya, İran, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqları mövcuddur. İran bu yolun Ermənistandan keçən hissəsinin (Zəngəzur dəhlizi) açılmasının əleyhinə çıxış edir. Azərbaycan və Rusiya dəhlizin açılmasını dəstəkləyir. Ancaq Rusiya və Ermənistan arasında yüklərin daşınmasının təhlükəsizliyinə nəzarət məsləsində fikir ayrılıqları mövcudur. Belə ki, Ermənistan öz ərazisində yüklərin daşınmasının onun qanunvericilik normalarına uyğun olmasını istəyir. Azərbaycan isə “Zəngəzur dəhlizi” adlandırılan bu hissədən onun Naxçıvan Muxtar Respublikasına daşımalarının dəhliz xarakterli olmasını istəyir.

Bununla yanaşı Rusiya və İran Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistandan yan keçməklə Azərbaycan üzərindən keçən layihəsi üzərində də iş aparır. Bu layihənin Azərbaycandan keçən hissəsi tam hazırdır. Hazırda dəhlizlə yük avtomobilləri daşımalar həyata keçirir. Azərbaycan ərazisində dəmir yolunun tikintisi də tam həyata keçirilib. Hətta Azərbaycan Astarasını İran Astarasını birləşdirən dəmir yolu körpüsü də inşa edilib. Hazırda dəmir yolunun İran ərazisində Rəşt-Astara hissəsinin tikintisinin həyata keçirilməsi isitqamətində işlər aparılır.

Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. Azərbaycan Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub dəhlizi vasitəsilə 14-20 gün olması gözlənilir.

Politoloq Zərdüşrt Əlizadə Amerikanın Səsinə bildirib ki, Azərbaycan və Rusiyanın münasibətlərində Şimal-Cənub dəmir yolu dəhlizinin işə salınması prioritetdir.

“Rusiya istəyir ki, Azərbaycan və İran vasitəsi ilə cənub dənizlərinə çıxa bilsin. Bu zaman Azərbaycanın əhəmiyyəti daha da artacaq. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Rusiya anlayır ki, əvvəlki üsullarla, zərərli və yararsız üsullarla bölgəni nəzarətdə saxlamaq mümkün deyil. Bu səbəbdən də Rusiya qarşılıqlı, faydalı iqtisadi əlaqələrə üstünlük verir”, Zərdüşt Əlizadə bildirib.

Forum

XS
SM
MD
LG