Accessibility links

Rusiya Prezidenti Azərbaycanda danışıqlar aparır


İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Rusiya prezidenti Vladimir Putin Azərbaycanda səfərdədir.

Səfər zamanı Rusiya prezidentini xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, prezidentin köməkçiləri Yuri Uşakov və Ruslan Edelgeriyev müşayiət edir. Azərbaycana həmçinin Rusiyanın səhiyyə, iqtisadi inkişaf, nəqliyyat nazirləri, çoxsaylı digər agentliklərin rəhbərləri, VTB Bankın prezidenti Andrey Kostin, Qazprom rəhbəri Aleksey Miller, Rosneft-in rəhbəri İqor Seçin, VEB.RF-nin (Vneşekonombank) rəhbəri İqor Şuvalov gəlib.

Azərbaycan Dövlət Xəbər Agentliyi AZƏRTAC-ın məlumatına görə, avqustun 19-da Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib. Vladimir Putin həmçinin 20 Yanvar 1990-cı ildə keçmiş SSRİ Ordusu tərəfindən qətlə yetirilmiş və Qarabağ müharibəsi zamanı həlak olmuş şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Rusiya Prezidentini müşaiyət edən vəzifəli şəxslər (Mənbə: AZƏRTAC, Youtube kanalı)
Rusiya Prezidentini müşaiyət edən vəzifəli şəxslər (Mənbə: AZƏRTAC, Youtube kanalı)

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşündən öncə, protokol çəkilişləri zamanı Putin deyib ki, Azərbaycana səfərindən sonra Əliyevlə danışıqlarının nəticələri barədə Ermənistanın Baş naziri Nikol Paşinyana məlumat verəcək.

“Moskva Bakı ilə Yerevan arasında nizamlanmada iştirak etməyə hazırdır.

Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixi müdaxiləsi bizə bu tədbirlərdə iştirak etmək zərurətini diktə edir, əlbəttə ki, tərəflərin tələb etdiyi dərəcədə. Rusiya Ermənistanla Azərbaycan arasında sülhün imzalanması və sərhədin demarkasiyası üçün nəsə edə bilərsə, bundan məmnun olar”, Rusiya prezidenti qeyd edib.

Prezident İlham Əliyev isə deyib ki, bu gün dövlət səfəri çərçivəsində biz ünsiyyətimizi davam etdiririk.

“Əslində, biz dünən başladıq və həm ikitərəfli gündəliyin, həm də regional təhlükəsizliyin mühüm məsələləri üzrə hərtərəfli fikir mübadiləsi apardıq. Bu gün biz həm dar, həm də geniş formatda müzakirələrimizi davam edəcəyik”, Əliyev deyib.

Danışılarda həmçinin iqtisadi-ticarət əlaqələri, Şimal-Cənub nəqliyyat dəhlizi, təhsil və humanitar məsələlər diqqət mərkəzində olub.

Putinin səfəri Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisində misli görünməmiş hərbi əməliyyatlar apardığı vaxta təsadüf edir.

Rəsmi Bakının Moskva ilə tərəfdaşlıq münasibətləri var. Eyni zamanda Azərbaycan Qərb ölkələri üçün əsas enerji təchizatçılarından biridir.

Putinin Azərbaycana son səfəri 2018-ci ilin sentyabrında baş tutub.

2023-cü ilin martından bəri Putinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi mövcuddur. Orderə səbəb ukraynalı uşaqların Rusiya ərazilərinə məcburi deportasiyasıdır ki, Kreml bu ittihamı rədd edir.

Həbs təhlükəsi Putinin xaricə səfərlərini məhdudlaşdırsa da, Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsini bərqərar edən Roma Əsasnaməsi müqaviləsini imzalamayıb.

Forum

XS
SM
MD
LG