Azərbaycandan keçən Şimal-Cənub və Orta dəhliz ilə tranzit yüklərin daşınması artmaqda davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, bu, bu ilin 7 ayında daşınan yüklər ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.
"Bu ilin yanvar-iyul aylarında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton olub", məlumatda qeyd edilir.
Tranzit yüklər dəhlizin Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara istiqamətləri üzrə daşınıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin Dəmiryolu və Dəniz Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov isə bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 63 faiz artaraq 2,5 milyon tona çatıb. O qeyd edib ki, ildən-ilə bu marşrut üzrə daşınan yüklərin çeşidi genişlənir.
Tlepov əlavə edib ki, bu il Aktau və Kurık limanları vasitəsilə ümumilikdə 8 milyon tona yaxın, o cümlədən Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 4,2 milyon ton yükün daşınması planlaşdırılır.
Qeyd edək ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Çin ilə Avropa ölkələrini birləşdirir.
Forum