Accessibility links

Azərbaycan, İran və Rusiya Şimal-Cənub dəhlizində yükdaşımalar üzrə işçi qrupu yaradır


Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Azərbaycan, İran və Rusiyanın nümayəndələri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəlib. Bununla bağlı Rusiya - Azərbaycan və Azərbaycan - İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçirilib.

Bu barədə Rusiyanın nümayəndə heyətinin üzvü, Dağıstan hökumətinin Rusiyanın İrandakı ticarət missiyasındakı nümayəndəsi Andrey Tanayev TASS agentliyinə bildirib.

“Biz Dərbənddə Rusiya, Azərbaycan və İran nümayəndə heyətləri arasında ekspertlər səviyyəsində üçtərəfli görüş keçirdik və “İran Astarası” (“Cənub Azərbaycan Astarası”), “Azərbaycan Astarası”, “Tagirkent-Kazmalyar”, “Yaraq-Kazmalyar” məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçirdik”, o qeyd edib.

Onun sözlərinə görə, İran tərəfi ilə bu görüşün keçirilməsi barədə razılaşma 2024-cü ilin fevralında Rusiya baş nazirinin müavini Aleksandr Novakın və İslam Respublikasının neft naziri Cavad Oucinin sədrliyi ilə Tehranda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran hökumətlərarası komissiyasının iclası zamanı əldə olunub.

“Biz Azərbaycan tərəfi ilə ikitərəfli qaydada razılığa gəldik”, Tanayev deyib. O qeyd edib ki, “üçtərəfli görüşdən əvvəl Rusiya və İran nümayəndələri arasında ümumi xarakterli məsələlər müzakirə olunub”.

“Yaraq-Kazmalyar keçid məntəqəsində hər şey bir pəncərə prinsipi ilə baş verir - sənədləri təqdim edirsən, 30-40 dəqiqə ərzində hazırlayıb sürücüyə verirlər və avtomobil yola düşür”, Tanayev qeyd edib. O, yükdaşıma məsələlərinin həlli üzrə üçtərəfli ekspert qrupunun iclasının “demək olar ki, on ildə ilk dəfə keçirildiyini” vurğulayıb.

Ekspertlər səviyyəsində keçirilən görüşdə hər tərəfdən 9 nəfər olmaqla ümumilikdə 27 nəfər iştirak edib.

Moskva ümid edir ki, Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativ ola bilər və bu, həm Avropaya, həm də Rusiyadan Kəngər (Fars) körfəzinə tranzit nəqli üçün birbaşa marşruta imkan yarada bilər. Dəhlizin ən mühüm quru hissəsi Rusiya, Azərbaycan və İran ərazisindən keçir. Hazırda onun üzərindən daşımaların əsas hissəsi yük maşınlarından istifadə etməklə həyata keçirilir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG