Accessibility links

Siyasi təhlilçi: Azərbaycanla Rusiya münasibətlərinin inkişafı Azərbaycana mənfi təsir edəcək


 Azər Qasımlı, siyasi təhlilçi
Azər Qasımlı, siyasi təhlilçi

Yanvarın 22-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsini imzalayıb. Siyasi təhlilçi iki ölkə arasında münasibətlərin inkişafının Azərbaycana mənfi təsirlərinin olacağını düşünür.

Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.

Tərəflər 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol xəritələrinin icrasının nəticələrini yüksək qiymətləndirib.

Yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövrdə ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması istiqamətində əməli addımlar atılıb.

“2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub”, Azərbaycan Nazirlər Kabinetinin məlumatında qeyd edilir.

Şahin Mustafayev və Aleksey Overçuk (Mənbə: Azərbaycan Nazirlər Kabineti)
Şahin Mustafayev və Aleksey Overçuk (Mənbə: Azərbaycan Nazirlər Kabineti)

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, Rusiya və Azərbaycan əlaqələrində 2020-ci ildən başlayaraq yeni münasibət mövcuddur.

“2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalanıb. Bu bəyannamə ilə hər iki tərəf strateji müttəfiqlik statusu alıb. Bundan sonra iki ölkənin mövqeləri daha da yaxınlaşıb”, o qeyd edib.

Siyasi təhliçinin iki ölkə arasında yaxınlaşmanın səbəblərindən danışarkən deyib ki, həm 2020-ci ildə 44 günlük müharibədən, həm də 2023-cü ilin sentyabrında antiterror əməliyyatından öncə Azərbaycan və Rusiya rəhəbərliyi arasında böyük ehtimalla müəyyən razılaşmalar olub.

“Bu razılaşmaları 2022-ci ildə imzalanan Moskva bəyannaməsində gördük, indi də imzalanan Yol Xəritəsində görürürük. Böyük ehtimalla yeni imzalanacaq sənədlərin, anlaşmaların da şahidi olacağıq”, o qeyd edib.

Qasımlı hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişafının Azərbaycana mənfi təsirləri olacaq.

“Azərbaycan avtoritar rejim olaraq qalacaq. Rusiya bu rejimin qalmasına bundan sonra da dəstək verəcək. Bu həm də Azərbaycanın müasir dünyadan kənarda qalacağına xidmət edəcək. Bundan sonra Azərbaycanın demokratik dünyaya inteqrasiyası dayanacaq və hətta qopmaları da görəcəyik. Azərbaycanın Qərb dünyasından ayrı düşəcəyinin şahidi olacağıq. Əgər dünyanı demokratik və qeyri-demokratik, avtoritar rejimlərə bölsək Azərbaycan tamamilə avtoritar klubun üzvünə çevriləcək. Qərbin demokratik institutlarına inteqrasiya prosesləri dayanacaq”, o qeyd edib.

Forum

XS
SM
MD
LG