Accessibility links

Azərbaycan və İran ikitərəfli münasibətlərin gündəliyini müzakirə edib


İqtisadiyyat naziri Şahin Mustafayev.
İqtisadiyyat naziri Şahin Mustafayev.

Azərbaycan Baş nazirinin müavini - Birgə Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

Bu barədə İran səfirliyi məlumat yayıb.

Məlumata görə, qəbulda noyabrın 9-da Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüş zamanı müzakirə edilən ikitərəfli münasibətlərin gündəliyində olan məsələlərə nəzər salınıb.

Bundan əlavə, iki ölkə arasında əməkdaşlıq məsələləri, birgə enerji və nəqliyyat layihələri müzakirə edilib.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş olub.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayılan xəbərə görə, görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Siyasətçi Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində Azərbaycan və İran arasındakı hazırkı münasibətlərə toxunaraq bildirib ki, zaman-zaman İran-Azərbaycan münasibətləri gərgin olsa da, bu gərginlik davamlı olmayacaq.

"Çünki sanksiyalar altında olan və kifayət qədər iqtisadi problemləri olan İran bölgədə ikinci bir problem istəmir. Azərbaycan üçün də o qədər maraqlı deyil İranla problem yaşasın. İranın Azərbaycanla narahatlığı Zəngəzur dəhlizi ilə bağlı olub. İkincisi İsrail-Azərbaycan münasibətləri idi. Son olaraq beynəlxalq münasibətlərdə Qarabağ mövzusu, Qərbin bölgəyə daxil olması və təşəbbüs irəli sürməsi İranı narahat edir. İran çalışır ki, region ölkəsi olaraq, Cənubi Qafqaz prosesində iştirakçı olsun. Bu iştirakçılıq təbii ki, Azərbaycan ilə münasibətlərin normallaşdırılmasından keçir" o deyib.

Forum

XS
SM
MD
LG