Accessibility links

Gürcüstan Azərbaycan və Ermənistan arasında neytral vasitəçiliyini təklif edib


Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov ,Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvili (Arxiv foto. Mənbə: Gürcüstan Hökümət saytı)
Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov ,Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvili (Arxiv foto. Mənbə: Gürcüstan Hökümət saytı)

“Gürcüstan Azərbaycan və Ermənistanla dostluq və strateji tərəfdaşlıq münasibətlərindədir. Ona görə də Gürcüstan heç bir qərəzli mövqe nümayiş etdirə bilməz və ölkəmiz 100 faiz neytraldır və tərəf tuta bilməz”.

Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili noyabrın 10-da Parisdə Sülh Forumunda ölkəsinin Azərbaycan və Ermənistan arasında vasitəçi qismində rolu barədə danışarkən bildirib.

Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda hər iki ölkə ilə dostluq münasibətlərini və neytrallığını qoruyur.

“Mən regionumuzda neytrallığımızı və qərəzsiz mövqeyimizi qorumaq istəyirəm. Bu, hər üç ölkənin maraqlarına uyğundur. Keçən ay Tbilisidə, beynəlxalq İpək Yolu konfransına ev sahibliyi edəndə məhsuldar görüşümüz oldu. Mən dostum Nikol Paşinyana Gürcüstana səfərinə görə minnətdaram, Azərbaycanın baş naziri də bu forumda olub. Yaxşı fürsət idi. Üçümüz birlikdə regionumuzun gələcəyini müzakirə edə bildik”, o qeyd edib.

Gürcüstanın baş naziri deyib ki, dünyada çoxlu həll olunmamış münaqişələr, böhranlar var və bu böhrandan əziyyət çəkən əhali, vətəndaşlarımızdır.

“Biz qeyri-müəyyənlik və gözlənilməz şərtlər dövründə yaşayırıq. Biz Ukraynada davam edən müharibəni görürük, amma onun sonunu görmürük. Biz Yaxın Şərqdə son dərəcə təhlükəli böhran görürük. Biz Gürcüstanda dondurulmuş münaqişələri görürük. Məsələn, biz ərazilərimizin işğalını görürük və bu problemin həlli göz qabağında deyil. Biz Afrikada, dünyanın bir çox bölgələrində çoxlu münaqişələr görmüşük. Bütün bu münaqişələrin həlli və cavabı sülh olmalıdır. Biz hökumətlər sülhə nail olmaq üçün hər şeyi etməliyik”, Qaribaşvili bildirib.

Onun sözlərinə görə, 2008-ci il müharibəsindən sonra Gürcüstan bir çox sınaqlardan keçib.

“Biz bir il əvvəl Ukraynada baş vermiş daha bir böyük müharibənin başladığının şahidi olduq. Bu, bizim üçün ən böyük sınaqdır. İstəsək də, istəməsək də, daha da eskalasiya və qarşıdurmadan qaçmağa çalışsaq da, müharibə təəssüf ki, hamımıza təsir edir. Qonşu regionumuz Ermənistan və Azərbaycanda gedən müharibə, şübhəsiz ki, bizi narahat edir. Gürcüstan, tez-tez dediyim və təkrar etmək istədiyim kimi, hər iki ölkənin çox obyektiv, qərəzsiz vasitəçisi və dostudur. Bizim Ermənistan və Azərbaycanla əla münasibətlərimiz var və şəxsən mənim hər iki liderlə inamlı münasibətim var. Ona görə də regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi Gürcüstanın maraqlarına cavab verir”, Qaribaşvili bildirib.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən Sülh Forumunda deyib ki, əgər Azərbaycan artıq razılaşdırılmış razılaşmanı təsdiqləsə, o zaman sülh müqaviləsi üzrə işlərin 70 faizi tamamlanacaq.

“Ən əsası odur ki, Azərbaycan Brüsseldə artıq razılaşdırılanları və Avropa Şurasının rəhbəri Şarl Mişelin ictimai bəyanatlarında yer alanları təsdiq edəcəkmi?”, o əlavə edib.

Paşinyan xatırladıb ki, İran açıq şəkildə bəyan edib ki, o, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesini dəstəkləyir.

“Bu gün danışdığım prinsiplər bunlardır. Bu prinsiplər Brüsseldə keçirilən üçtərəfli görüş zamanı razılaşdırılıb. Qranada görüşün məqsədi artıq razılaşdırılmış prinsipləri təsdiqləmək idi”, Ermənistanın baş naziri qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Baş naziri Nikol Paşinyanın Paris Sülh Forumunun panel müzakirələrində Azərbaycanın Ermənistana qarşı "etnik təmizləmə", “ərazi iddiası” və “təcavüzə hazırlıq”la bağlı səsləndirdiyi iddialar da daxil olmaqla səsləndirdiyi fikirlərə dair şərhində deyilir ki, Azərbaycan müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəyə qarşı “aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırır”.

“Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Forum

XS
SM
MD
LG