Accessibility links

Azərbaycan və Rusiya xarici işlər nazirləri sülh prosesinin perspektivlərini müzakirə edib


Sergey Lavrov və Ceyhun Bayramov
Sergey Lavrov və Ceyhun Bayramov

Oktyabrın 28-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

“Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb”, məlumatda qeyd edilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, xarici əlaqələr idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu, o cümlədən Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyalarının açılması və sərhəddlərin delimitasiyası müzakirə edilib”, məlumatda deyilir.

Qeyd edək ki, bu mövzu Lavrovla Bayramov arasında son dörd gündə ikinci müzakirədir. Lavrovla Bayramov sonuncu dəfə oktyabrın 24-də Bakı ilə Yerevan arasında sülh sazişi məsələsini müzakirə ediblər. Həmin gün bu mövzunu Bayramov Bakıda Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə də müzakirə edib.

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin telefon danışıqları ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hakın Türkiyə, Azərbaycan və Ermənistana səfəri zamanına və ondan sonrakı günlərə təsadüf edir. Dövlət katibinin köməkçisinin müavini oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla, sonra isə Ermənistan liderləri ilə Cənubi Qafqazda davamlı və ləyaqətli sülhün əldə edilməsinin zəruriliyini müzakirə edib.

Bu danışıqlardan sonra Azərbaycan və Ermənistan liderlərinin oktyabr ayının sonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə planlaşdırılan görüşü baş tutmayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səbəb kimi vaxt çatışmazlığını göstərib və liderlərin yaxın zamanda yenidən görüşməsi üçün Azərbaycan və Ermənistanla məsləhətləşmələr aparıldığını qeyd edib.

“Prosesin ləng olmasına baxmayaraq, biz inanırıq ki, nəticədə sənəd imzalanacaq”, Klaar əlavə edib.

Digər tərəfdən, oktyabrın 27-si Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesində qərəzsiz və neytral vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib.

Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş baş tutub. İrakli Qaribaşvilinin vasitəçiliyi ilə keçirilən görüş Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG