Accessibility links

Annalena Berbok: Azərbaycan və Ermənistanın qarşılıqlı etimad yolunu tutması vacibdir


Annalena Berbok, Almaniyanın xarici işlər naziri
Annalena Berbok, Almaniyanın xarici işlər naziri

Noyabrın 3-ü Ermənistan və Azərbaycana səfərə başlayan Almaniya xarici işlər naziri Annalena Berbok səfər öncəsi bəyanatında iki ölkə arasında davamlı sülhün və təhlükəsiz gələcəyin mümkün olduğunu, Almaniya və Avropa İttifaqının buna töhfə verə biləcəyini deyib.

“Dağlıq Qarabağ üzərində 30 ildən artıq davam edən münaqişə hər iki tərəfdə çox böyük yaralar qoyub. Yaralar inanılmaz dərəcədə dərindir, lakin uzun vədədə sağala bilər. Keçmişin və indinin yaralarının bu qədər aşkar göründüyü bir zamanda sülhün açarını əlində tutan hər kəsin keçmişin kölgələrini geridə qoyaraq qarşılıqlı etimad yolunu tutması vacibdir”, Annalena Berbok vurğulayıb.

Almaniya Xarici İşlər Naziri cümə günü Yerevana səfər edərək ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar aparacaq. Almaniyalı nazirin həmçinin Aİ-nin Ermənistandakı Missiyasına və Qarabağdan köçən ermənilərin qəbul mərkəzinə baş çəkəcəyi gözlənilir.

İki aydan az bir müddət əvvəl 100 mindən artıq insanın təhlükəsizlik üçün vətənlərini tərk etməkdən başqa çarə görmədiyini deyən Annalena Berbok, bunun ermənilər və azərbaycanlılar üçün ağrılı tarixin sadəcə sonuncu səhifəsi olduğunu vurğulayıb.

Ermənistandan sonra şənbə günü Bakıya səfər edəcək Annalena Berbokun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, habelə vətəndaş cəmiyyəti nümayəndələri və BMT-nin yerli koordinatoru ilə görüşlər keçirəcəyi gözlənilir.

“Sülh əsas götürüldükdə, hər kəs üçün firavanlıq əldə edilə bilər. Cənubi Qafqazda bunun üçün çox böyük imkanlar var. Biz avropalılar konkret təkliflərlə bu istiqamətdə regiona dəstək verməyə hazırıq. Cənubi Qafqaz ölkələri ilə birlikdə keçmişin kölgələrini geridə qoyan və xalqların gələcəyini düşünən region qurmaq istəyirik”, Annalena Berbok əlavə edib.

Nazir kimi Ermənistan və Azərbaycana ilk səfərinə başlayan Annalena Berbok, həmçinin son 7 ildə Azərbaycana səfər edən ilk Almaniya xarici işlər naziridir.

Forum

XS
SM
MD
LG