Accessibility links

Azərbaycan XİN ABŞ Dövlət Departamentinin Ermənistana dəstək haqda bəyanatını tənqid edib


ABŞ Dövlət Departmaneti rəsmilərinin Ermənistanın suverenliyini və ərazi bötüvlüyünü qəti şəkildə dəstəkləməsinə dair bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə rəsmi Bakının bu yanaşmadan məmnun qalmadığını diqqətə çatdırıb.

Hacızadənin sözlərinə görə, rəsmi Vaşinqton eyni şəkildə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyni illər boyu təşviq etməyib.

“ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib,” Hacızadə bildirib.

Amerikanın Səsinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti rəsmiləri Ermənistanın suverenlyi və ərazi bütövlüyününü istənilən şəkildə pozulmasının ciddi fəsadlara gətirib çıxaracağını vurğulayıb.

“Biz qüvvədən istifadə edilməsinə qarşı çağırışlar etməklə öz gözləntilərimizi müntəzəm şəkildə vurğulayırıq və davamlı qaydada situasiyanı izləyirik,” Departament rəsmisi bildirib. “Ermənistan Birləşmiş Ştatların yaxın tərəfdaşı və dostudur.”

Azərbaycan rəsmisi öz reaksiyasında ABŞ-ı Azərbaycan ərazilərində “qanunsuz rejimin saxlanılmasına” dəstək verməkdə ittiham edib.

“Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı, ”deyə Ayxan Hacızadə Vaşinqtonu keçmişdə münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizlikdə günahlandırıb.

ABŞ bu ilin may və iyun aylarında Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi edib.

"Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm," deyə Dövlət Katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilən danışıqları şərh edib.

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti oktyabrın 26-da bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında son görüşün ləğv edilməsinə baxmayaraq, iki ölkə arasında sülh sazişi əldə etmək üçün “səylərini davam etdirəcək”.

“Biz inanmaqda davam edirik ki, bu iki ölkənin sülh razılaşması əldə etməsi hər iki tərəfin, regionun və dünyanın maraqlarına uyğundur,” Dövlət Departamentinin sözçüsü Metyu Miller ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında deyib.

"Biz bu səyləri davam etdirəcəyik," o, əlavə edib.

Forum

XS
SM
MD
LG