Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili Amerikanın Səsinə müsahibəsində İsrail-HƏMAS qarşıdurmasının regional təsirləri, Azərbaycan-Avropa İttifaqı münasibətlərindən danışıb.
Amerikanın Səsi: İlk öncə İsrail-HƏMAS münaqişəsi barədə danışaq. Bu münaqişənin Avropa İttifaqı məkanına, həmçinin Azərbaycana və Qafqaz regionuna təsirləri nə ola bilər?
Əhməd Əlili: HƏMAS-İsrail münaqişəsi kifayət qədər çoxtərəfli münaqişədir. Ona görə nəinki Avropa İttifaqı ilə bağlı olan məsələlərə, ümumiyyətlə hesab edirəm ki, geosiyasi dinamikaya ciddi təsiri ola bilər. İndi belə fikirlər vardır ki, İsrail və HƏMAS arasında baş verən münaqişə, Ukraynada baş verən münaqişə - bunların hamısı bir-biri ilə əlaqəlidir. Çalışırlar ki, Amerikanın resurslarını müəyyən qədər bu münaqişələrə sərf etsinlər. Əsas hədəf Tayvandır. Tayvanla bağlı proseslər başlayarkən Amerika artıq bir neçə istiqamətdə münaqişə ilə məşğul olur və beləliklə də ən əsas münaqişəyə, Çinlə bağlı olan məsələyə daha az diqqət verir. Bu cür fikirlər səsləndirən mütəxəssislər var. Ona görə də mən bunu təkcə Avropa İttifaqı ilə və Cənubi Qafqazla bağlı məhdudlaşdırmazdım. Bəlkə də ən ziddiyyətli məqam odur ki, Avropa İttifaqı ilə bağlı olan, yəni Avropa İttifaqının daxilində olan ziddiyyətlər özünü aşkar formada göstərdi. Avropa İttifaqının daxilində ayrı-ayrı siyasi institutlar belə bir-biri ilə əməkdaşlıq etməkdə çətinlik çəkirlər. Oliver Varhelyi (Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə danışıqları üzrə komissarı-red) ilk saatlarda elan etdi ki, Qəzza zolağına olan maliyyə yardımı kəsilir. Amma, bir müddətdən sonra kifayət qədər əks reaksiya gəldi. Hesab edirəm ki, bu, artıq Avropa İttifaqının bürokratikləşmiş idarəetməsində xarici siyasətdə olan qəfil reaksiyaların necə verildiyini aşkar formada göstərdi. Sözün açığı buna Azərbaycan perspektivindən baxanda bəlkə də müsbət tərəfi ondan ibarətdir ki, Avropa İttifaqının Azərbaycana keçmiş Qarabağ münaqişəsi ilə bağlı olan münasibətində ziddiyytəli məqamlar var idi ki, ona sırf Ermənistan-Azərbaycan kontestindən baxırdılar. Eyni formada da Avropa İttifaqı institutları Yaxın Şərqdə baş verən münaqişələr kontestində fəaliyyət göstərir. Bu da göstərir ki, belə davranmaq Avropa İttifaqının özünə xas olan bir xüsusiyyətdir. Onun xarici siyasətlə bağlı qərarları kifayət qədər ziddiyyətli ola bilər. Amma, ən sonda uğurlu bir həll variantı tapır. Bu istiqmətdə də irəliləmə gedir. Konkret olaraq Cənubi Qafqaza təsirlərinə gəlincə, sözün açığı, burada İran faktoru çox vacibdir.
Yəni 11 sentyabr (2001-ci ildə ABŞ-da terror hücumu nəzərdə tutulur-red) hadisələri olan zaman ABŞ qərara gəldi ki, hadisəni törədən və buna dəstək verən ölkələri cəzalandırmaq lazımdır. Daha sonra Əfqanıstana və İraqa humanitar intervensiyaları (müdaxilə-red) gördük. Eyni formada da İsraildə ABŞ-la birlikdə qərara gələcəklərmi, bunu törədən ölkələri, bu hücuma dəstək verən ölkələri cəzalandımaq lazımdır? Əgər buna qərar verəcəklərsə, müəyyən bir siyasi qərar olacaqsa, bu o deməkdir ki, bəlkə də cəzalandırılmalı ölkələr içərisində ən öndə gedən, ən yuxarıda olan ad İrandır. İranla bağlı olan məsələlərdə isə İsrail-Azərbaycan əməkdaşlığı, bu istiqamətdə ən azı 2020-ci ildən sonra İsrail-Azərbaycan münasibətləri ilə bağlı daha çox informasiya peyda olur. Ondan əvvəl də bilinirdi ki, İsrail-Azərbaycan münasibətləri kifatər qədər yumşaq və maraqlı münasibətlərdir. İndi isə bəllidir ki, bu kifatər qədər bir-biri ilə intensiv təması olan diplomatik kanallardır. O dərəcədə intensivdir ki, hətta Bakı İsrail və Türkiyə arasında müəyyən qədər mediator rolunu da oynaya bilər. Yəni, bax belə bir sıx əməkdaşlıq varsa və İranı cəzalandırmaq niyyətinə düşərlərsə, bu, hesab edirəm ki, Cənubi Qafqazda da öz təsirini göstərəcək. Vaxtaşırı olaraq İranın daxilində radikal qüvvələr Azərbaycan istiqamətində kəskin mesajlar ötürürlər. Mümkündür ki, bu radikal qüvvələr məqamdan istifadə etsinlər. Hal-hazırda biz görürük ki, İranın daxilində Azərbaycanı istəyən qüvvələr də var, Azərbaycanın əleyhinə çıxan qüvvələr də var. Bu qüvvələrin balansından asılı olaraq Azərbaycan-İran münasibətlərində vaxtaşırı çox pozitiv məqamlar da görürük. Məsələn, iki həftə əvvəl nəqliyyat kooridorunun İrandan keçməsi ilə bağlı məqam müsbətdir. Amma, orada radilkal qüvvələr də var. Ona görə də bu kontekstdə əgər İrana qarşı bir əməliyyat olacaqsa, bu özünü Cənubi Qafqazda mütləq gösətərəcəkdir.
Amerikanın Səsi: Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesində tutduğu mövqeyini ədalətli və tərəfsiz hesab etmək olarmı? Bu sahədə Avropa İttifaqının vasitəçilik missiyasının perspektivlərini necə görürsünüz?
Əhməd Əlili: Baxmayaraq ki, Avropa İttifaqı Cənubi Qafqazda çoxdan, 90-cı illərin axırlarından Gürcüstan və Ermənistanda, 2000-ci illərin ortalarından Azərbaycanda xüsusi bir missiya ilə mövcuddur. Hesab edə bilərik ki, region ilə bağlı bir sıra məqamlarda bu missiyaların kifayət qədər vacib rolu var. Amma, eyni zamanda mən, sözün açığı, ən azı 2012-2013-cü illərdən sonra 2020-ci ilə kimi Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətləri ən inkişaf etmiş, ən öndə olan münasibətlər sistemi hesab etməzdim.
Eyni formada da Ermənistanın Rusiyanın rəhbər olduğu bir sıra qurumlarda, xüsusilə Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatı ilə, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıqla bağlı qurumlarda olması onu göstərdi ki, Avropa İttifaqı Ermənistanda da heç də ən öndə, ən yuxarıda olan səviyyədə deyil.
Ona görə də, Azərbaycan və Ermənistan münaqişəsi ilə bağlı məsələdə Avropa İttifaqını yeni oyunçu adlandıra bilərik. Xüsusilə də nəzərə alsaq ki, son 30 ildə məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olub. Onun əsas oyunçuları Rusiya, ABŞ və Fransa idi. Avropa İttifaqının özü bir institut kimi burada iştirak etməyib. Avropa İttifaqına üzv olan ölkələr iştirak edib. Ona görə də Avropa İttifaqı doğurdan da bu istiqamətdə yeni oyunçudur. Yeni oyunçulara xas olan bütün üstün və düzəldilməsi tələb olunan nöqsanlı tərəflər hamısı oradadır. Üstün tərəfi ondan ibarətdir ki, reputasiyasi kifayət qədər təmizdir. Azərbaycan rəsmiləri dəfələrlə Avropa İttifaqını ədalətli tərəfdaş adlandırıb. Amma eyni zamanda müəyyən informasiya ilə bağlı olan məqamlar var ki, regionu tam tanımaq məsələsi, bu, həmişə olub. Hətta mənim şəxsi təcrübəmdən xatırlayıram ki, 2021-ci ildə dekabr ayında proseslər intensiv olduğu bir vaxtda Prezident Mişelin vasitəsilə görüşlər oldu. O dövrə kimi Avropa rəsmiləri Avropada bir sıra tədqiqat mərkəzlərinin təmsilçiləri var idi. Onlar hesab edirdilər ki, regionu ən yaxşı bilən Rusiya lideridir. Ona görə də bütünlüklə də onun vasitəsilə işləmək lazımdır. Ona görə də, bax bu Avropa İttifaqının yeni oyunçu kimi gəlməsinin özünün müsbət və neqaitv tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, ədalətli tərəfdaş, hər hansı bir imperial yaddaşı olmayan tərəfdaş kimi proseslərdə iştirakını şərtləndirir. Amma məsələlərdən məlumatlılığın limitli olması və yaxud regiona, qəbul edək ki, Avropa mərkəzlərində, qərar qəbuletmə mərkəzlərində erməni sentrik yanaşması var. Ona görə ki, ermənilər akademik dairələrdə, qərar qəbul etmə dairələrində daha çox təmsil olunublar. Bu da istər-istəməz Avropanın müəyyən informasiya çıxışına təsir göstərir. Bu da sonda müəyyən gərginlik yaradır. Hal-hazırda mən hesab edirəm ki, bu, gərginlik fazasındadır. Amma, o yeni gələn oyunçu imici, bir müddətdən sonra öyrənmə əyrisi deyilən bir əyri var. O bir müddətdən sonra bunu bərpa edəcək və biz tamamilə yeni bir vəziyyət görəcəyik.
Amerikanın Səsi: Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib və Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Sizcə bu çağırışlar reallaşa bilərmi?
Əhməd Əlili: Hal hazırda Ermənistanla Avropa İttifaqı arasında kifayət qədər maraqlı bir münasibətlər sistemi formalaşıb. Bu da Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinə təsir edir. Məsələ ondan ibarətdir ki, həm Avropa İttifaqından, həm də Ermənistandan qarşılıqlı olaraq sevgi mesajları verilir. Məsələ ilə bağlı publik diplomatiyada aşırı aktivlik var. Amma, eyni zamanda biz görürük ki, real diplomatiyaya gəldikdə nə Ermənistan tərəfi Rusiyanın rəhbərliyi altında olan təşkilatlardan çıxmağa meyllidir, nə də ki, Avropa İttifaqı və ora üzv olan ölkələrin təmsilçiləri Azərbaycanın strateji əhəmiyyətini, coğrafiyasını və enerji resurslarına çıxışını nəzərə alaraq ondan imtina etmək niyyətindədir. Belə olan halda biz maraqlı mənzərənin şahidi oluruq ki, publik diplomatiyada Azərbaycanla bağlı olan münasibətlərdə gərginlikdir. Ermənistanla bağlı olan münasibətlərdə kifayət qədər pozitiv məqamlar var. Real diplomatiyaya gəldikdə isə Avropada hər hansı bir formada Ermənistanın Rusiyadan real olaraq uzaqlaşmasına skeptik yanaşmırlar. Real məsələlərdə Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. O ki qaldı sanksiya çağırışlarına, ümumiyyətlə Avropa ölkələrinin parlamentinin əksəriyyəti belə bir çağırışlar edirlər. Avropanın real icra strukturları isə Azərbaycanla münasibətləri qoruyub saxlamaqda maraqlıdırlar. Amma parlamentlər demokratik təzyiqə, ictimai rəyə daha açıq olduqları üçün və bunun təsirlərini özlərində hiss etdikləri üçün, publik diplomatiyanın elementi kimi onlara müəyyən bir təzyiq olarkən dərhal belə bəyanatlar səsləndirirlər. Amma icra strukturlarının hər hansı bir formada konkret qərar qəbul olunması ilə bağlı addım atdığını görmürəm.
Amerikanın Səsi: Avropa İttifaqının Azrbaycana qarşı münasibəti ölkədə insan hüquqları sahəsindəki mövcud duruma təsir edirmi?
Əhməd Əlili: Məsələ ondan ibarətdir ki, Avropa İttifaqının Qarabağla bağlı olan proseslərdə iştirakı bir növ şərait yaradırdı ki, ümumiyyətlə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı olan məsələlərə də təsir göstərəcək. Çünki Qarabağ erməniləri ilə dialoq öz-özlüyündə tələb edirdi ki, vətəndaş cəmiyyəti aktivləşsin. Ona görə də, Avropa İttifaqının bu proseslərdə aktiv iştirakı bunu da stimullaşdıran bir məqam olmalı idi. İndi son aylarda, xüsusilə Avropa İttifaqına üzv olan bir sıra ölkələrin verdikləri bəyanatlar, Şarl Mişelin son bəyanatları zamanı səsləndirdiyi bir sıra məqamlar var ki, bu rəsmi Bakının heç də arzuladığı məsələ deyil. Nəzərə almaq lazımdır ki, 19-20 sentyabr antiterror əməliyyatı olub, bununla da bir sıra hallarda o dialoq və digər məsələlər bir növ arxa plana keçib. Elə bir mərhələdəyik ki, kristallaşmış mövqe yoxdur. Tərəflərin mövqeyi kifayət qədər maye halındadır. Hər hansı konkret forması yoxdur. Belə olan halda mən əminəm ki, müəyyən kristallaşmışmaya doğru getdikcə Qarabağ erməniləri ilə dialoq necə olmalıdır, Avropa İttifaqının prosesdə iştirakı necə olmalıdır. Bax, bu məsələyə cavab tapdıqdan sonra vətəndaş cəmiyyətinin rolu burada nə olacaq, proseslərdə necə müəyyən ediləcək? Bu isə öz növbəsində əlbəttə ki, Azərbaycanda bir sıra məsələlərə, Avropa İttifaqı-Azərbaycan münasibətlərinə pozitiv təsir edən məqamlar olacaqdır.
Forum