Milli təhlükəsizlik naziri Alehandro Mayorkas çərşənbə axşamı Senatın Daxili Təhlükəsizlik Komitəsinin dinləmələri zamanı deyib ki, İsrail-HƏMAS müharibəsi başlayandan bəri yəhudi tələbələrə qarşı yönəlmiş nifrət halları ABŞ-da antisemitizm təhlükəsinin artdığını göstərir.
Mayorkasın sözlərinə görə, İsrailin Qəzzada hərbi əməliyyatları başlayandan bəri ABŞ-ın hüquq-mühafizə orqanları yəhudi, müsəlman və ərəb amerikalılara qarşı təhdidlərin sayının artdığını qeyd edib.
Bu həftə Ağ Ev Amerika universitetlərində yəhudilərə qarşı insidentlər barədə xəbərlərdən narahat olduğunu bəyan edib.
ABŞ-ın bəzi universitet şəhərciklərində, eləcə də Nyu Yorkda İsrail və fələstinlilərin tərəfdarı olan qruplar arasında gərginliyin yaranması universitet rəsmilərini təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.
"Yəhudi tələbələrə, icmalara və institutlara qarşı yönəlmiş nifrət ABŞ-da və bütün dünyada antisemitizmin onsuz da mövcud yüksək səviyyəsinin artmasına imkan yaradır" - deyə, Mayorkas bildirib.
Son həftələrdə ABŞ-ın böyük universitetlərində fələstinlilərin dəstəkləndiyi və İsrailin tənqid edildiyi etirazlar baş verib.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi ABŞ administrasiyasının anti-semitizm çıxışlarına qarşı sayıqlıq göstərdiyini deyib.
İsrailin HƏMAS silahlı qruplaşmasının oktyabrın 7-də 1400-ə yaxın israillinin həlak olduğu hücumuna cavab olaraq Qəzzaya hava zərbələri endirməsi və quruda əməliyyatları nəticəsində HƏMAS-ın nəzarətində olan Qəzzada Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 8300-dən çox insanın ölümünə səbəb olub.
Dünya ölkələrində İsrail və HƏMAS arasında müharibəyə son qoyulması məqsədilə atəşkəs çağırışları davam edir.
Forum