Accessibility links

İsrail HƏMAS liderini hədəf almaq üçün qaçqın düşərgəsinə zərbə endirib


Fələstinlilər İsrailin Qəzza zolağının şimalında Cəbəliyə qaçqın düşərgəsində bunalara zərbələr endirdiyi yerdə yaralıları axtarır, 31 oktyabr 2023.
Fələstinlilər İsrailin Qəzza zolağının şimalında Cəbəliyə qaçqın düşərgəsində bunalara zərbələr endirdiyi yerdə yaralıları axtarır, 31 oktyabr 2023.

Son inkişaflar:

  • İsrail hərbi qüvvələri və Şin Bet Daxili Təhlükəsizlik Xidməti oktyabrın 7-də hücumu təşkil edən Həmas komandirlərindən birinin hava hücumu nəticəsində öldürüldüyünü bildirib.
  • İsrail Müdafiə Qüvvələri bildirir ki, birləşmiş döyüş qüvvələri son 24 saat ərzində 300-ə yaxın hədəfi vurub.
  • İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs elan edilməsi çağırışlarını rədd edib.
  • BMT-nin Fələstinə yardım agentliyinin rəhbəri Qəzza zolağında vəziyyətin “dağılmaq üzrə olduğunu” bildirib.
  • Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri prezident Baydenin Ukrayna və İsrailə təcili yardım üçün 106 milyard dollar ayrılması haqda müraciətini dəstəkləmək üçün çərşənbə axşamı Senatın komitəsi qarşısında ifadə verəcəklər.

İsrail hərbi qüvvələrinin HƏMAS militantları ilə döyüşlər apardığını və çərşənbə axşamı Qəzza zolağının şimalında qruplaşmanın tunellər şəbəkəsinə hücum etdiyini bildirib. Qəzzanın şimalında Cəbəliyə qaçqın düşərgəsi yaxınlığında bir hücumda ən azı 50 nəfərin öldüyü bildirilir.

HƏMAS-ın idarə etdiyi Fələstin Daxili İşlər Nazirliyi bildirib ki, İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsi ətrafındakı əraziyə endirdiyi hava zərbələri nəticəsində azı 50 nəfər ölüb.

İsrail HƏMAS-ı mülki binalardan sipər kimi istifadə etməkdə ittiham edib və bildirib ki, İsrailin zərbələri nəticəsində bir neçə HƏMAS militantı öldürülüb. İsrail həmçinin Qəzza zolağının şimalında iki əsgərin həlak olması ilə bağlı ilk hərbi itkiləri barədə məlumat verib.

Bundan öncə İsrail oktyabrın 7-də İsrailin cənubunda ölümcül hücum təşkil edən Həmas komandirlərindən birinin ölümülə nəticələnən hücumu həyata keçirdiyini bildirmişdi.

İsrail Müdafiə Qüvvələri və İsrailin Şin Bet Daxili Təhlükəsizlik Xidmətinin çərşənbə axşamı yaydığı birgə bəyanatda Nasim Əbu Acinanın hava hücumu nəticəsində öldürüldüyünü bildirilib.

Bəyanatda deyilib ki, HƏMAS-ın Şimal Briqadasının Beyt Lahiya Batalyonunun komandiri olan Əbu Acina hücumda istifadə olunan pilotsuz uçuş aparatları və paraplanların hazırlanmasında iştirak edib.

"Onun aradan qaldırılması HƏMAS terror təşkilatının İsrail Müdafiə Qüvvələrinin qurudakı fəaliyyətinə mane olmaq səylərinə əhəmiyyətli dərəcədə zərər vurur", bəyanatda bildirilib.

İsrail Müdafiə Qüvvələri həmçinin birləşmiş hava və quru qüvvələrinin son 24 saat ərzində tank əleyhinə və yeraltı raket buraxılış sistemləri, həmçinin HƏMAS-ın yeraltı tunellərindəki hərbi komplekslər də daxil olmaqla 300-ə yaxın hədəfi vurduğunu bildirib. Hərbi qüvvələr əməliyyat zamanı HƏMAS militantlarının öldürüldüyünü bildirib.

Birləşmiş Ştatlar tərəfindən terrorçu qrup kimi tanınan HƏMAS-ın Qəzza zolağının altında geniş tunel şəbəkəsi var və burada silah, ərzaq və digər ləvazimatları saxladığı güman edilir.

İsrail əsgərləri və tankları Qəzzada hərbi mövcudluğu genişləndirərək, Qəzzanın şimalına doğru irəliləyir.

Oktyabrın 7-də baş verən hücumlardan sonra İsrailin Qəzza zolağına aviazərbələri fələstin anklavında humanitar böhran yaradıb. HƏMAS-ın HƏMAS-ın nəzarətində olan Qəzzada Fələstin Səhiyyə Nazirliyi bazar ertəsi bildirib ki, hava hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 8300-dən çox insan həlak olub. Save the Children humanitar təşkilatı münaqişədə 3000-dən çox uşağın öldüyünü bildirir.

Hazırda mövcud münaqişənin sonu görünmədiyi halda İsrailin baş naziri Benyamin Netanyahu dünya ölkələrindən gələn atəşkəs çağırışlarını rədd edib. Netanyahu bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib ki, atəşkəs çağırışları "İsrailin HƏMAS-a təslim olması, terrora təslim olması və barbarlığa təslim olmaq çağırışlarıdır".

"Bu, baş verməyəcək", Netanyahu əlavə edib. "Bu, müharibə vaxtıdır", o deyib.

Netanyahu həmçinin HƏMAS-ın oktyabrın 7-də qəfil hücumu ilə bağlı artan istefa çağırışlarını da rədd edib.

Netanyahu oktyabrın 30-da mətbuat konfransında İsrailin HƏMAS-ın hərbi və siyasi potensialını sistemli şəkildə məhv etməyə davam etdiyini bildirib. O, birinci mərhələnin militantların hücumunun dayandırılması, ikinci mərhələnin isə hava zərbələrindən ibarət olduğunu deyib. Netanyahu Qəzzada əməliyyatın üçüncü mərhələsinin başlandığını bildirib.

"Üçüncü mərhələ Qəzza zolağına qurudan hücumun genişləndirilməsidir. İsrailin Müdafiə Qüvvələri bunu ölçülmüş, qətiyyətli, sistematik şəkildə addım-addım hərəkət edərək edir" - deyə, Netanyahu bildirib.

Qəzza zolağına əlavə qüvvələrin yeridildiyini daha sonra İsrail Müdafiə Qüvvələrinin sözçüsü açıqlayıb. Onun sözlərinə görə, quruda əməliyyatın miqyası genişlənməkdə davam edir. İsrail hərbçiləri Livandakı Hizbullah hərəkatının infrastrukturuna hücumlar barədə də məlumat verib.

Bundan əlavə, İsrail ordusu Ramallah yaxınlığındakı Arura qəsəbəsində HƏMAS sözçüsü Saleh Əl-Aruriyə məxsus evi dağıdıb.

İsrailin BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları təşkilatın HƏMAS-a qarşı qətnamə qəbul etməməsinə etiraz olaraq, nasistlərin Holokost zamanı yəhudiləri taxmağa məcbur etdikləri sarı ulduzlar taxıb. İsrailin BMT-dəki səfiri Gilad Erdan bildirib ki, Təhlükəsizlik Şurası militantları qınayana qədər o və komandasının üzvləri sarı ulduz taxacaq.

"Bəziləriniz bu qurumun nə üçün yaradıldığını unudub. Mən bunu sizə xatırladacağam. Bu gündən etibarən hər dəfə mənə baxanda şər qarşısında susmağın nə demək olduğunu xatırlayacaqsınız. Mənim babalarım və nənələrim və milyonlarla yəhudinin babaları və nənələrinin taxdığı kimi bundan sonra mən və komandam sarı ulduz taxacağıq" - deyə, Erdan bildirib.

Oktyabrın 21-dən bəri BMT Yaxın Şərqdəki vəziyyətlə bağlı qətnamə qəbul etmək üçün bir neçə dəfə toplaşsa da, diplomatlar konsensusa gələ bilməyib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari oktyabrın 31-də bildirib ki, HƏMAS militantları hələ də 238 girovu saxlayır.

Forum

XS
SM
MD
LG