Accessibility links

Azərbaycan və İran regional vəziyyəti müzakirə edib


Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian
Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian

Noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə edib.

“Bölgədə regional formatlar çərçivəsində aparılan işin vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib, bu prosesin bölgədə sülh və sabitliyə töhfə verəcəyi vurğulanıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, Xarici Işlər Nazirliyi bildirir.

İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalındakı məlumatında isə deyilir ki, telefon danışığında Azərbaycanın xarici işlər naziri regional dialoqların və regiondankənar ölkələrin müdaxiləsindən uzaq mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əmir Abdullahian bölgədə sülh yaratmaq və yaxınlaşmanı gücləndirmək üçün regional mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Əlbəttə, regional əməkdaşlıq formatlarını nə qədər fəallaşdırsaq, region ölkələri üçün bir o qədər faydalı olacaq”, nazir qeyd edib.

İran Xarici İşlər Nazirliyi bildirir ki, tərəflər ikitərəfli münasibətlərin möhkəmlənməsindən məmnunluq ifadə edərək, regional və beynəlxalq arenada əməkdaşlığın artırılması və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bundan öncə noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi arasında görüş olub.

Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yayılan xəbərə görə, görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi və İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ərazisində dəmir yolu infrastrukturunun ötürmə qabiliyyətinin artırılması və bunun tikintisinin Rəşt-Astara dəmir yolu ilə sinxron qaydada həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, 3+3 formatının əhəmiyyəti qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə bildirib ki, perspektivdə İranla münasibətlərin normallaşması çox uzun bir prosesdir.

“Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra regionda yeni şərait yaradıb. İran əvvəllər erməni faktorundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Bu gün həmin təzyiq vasitəsindən məhrum olub. Ona görə Azərbaycanla münasibətlərinin normallaşması üçün yeni variantlar axtarır”, təhlilçi qeyd edib.

Forum

XS
SM
MD
LG