Accessibility links

Azərbaycan və Rusiya turizm, mədəniyyət, sərhəd keçid məntəqələri, avtomobil yolları ilə bağlı sənədlər imzalayıb


Əli Əsədov və Mixail Mişustin (Mənbə: Nazirlər Kabineti)
Əli Əsədov və Mixail Mişustin (Mənbə: Nazirlər Kabineti)

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda deyilir ki, martın 5-də Bakıda Azərbaycan Baş naziri Əli Əsədov ilə ölkədə səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.

Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər.

“Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib”, Mətbuat xidmətinin məlumatında bildirilir.

Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.

Mətbuat xidməti bildirir ki, sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.

Əli Əsədov və Mixail Mişustin danışıqlar aparır (Mənbə: Nazirlər Kabineti)
Əli Əsədov və Mixail Mişustin danışıqlar aparır (Mənbə: Nazirlər Kabineti)

"Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub. Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər", məlumatda deyilir.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bir müddət əvvəl Amerikanın Səsinə bildirib ki, Rusiya və Azərbaycan əlaqələrində 2020-ci ildən başlayaraq yeni münasibət mövcuddur.

“2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalanıb. Bu bəyannamə ilə hər iki tərəf strateji müttəfiqlik statusu alıb. Bundan sonra iki ölkənin mövqeləri daha da yaxınlaşıb”, o qeyd edib.

Siyasi təhliçi iki ölkə arasında yaxınlaşmanın səbəblərindən danışarkən deyib ki, həm 2020-ci ildə 44 günlük müharibədən, həm də 2023-cü ilin sentyabrında antiterror əməliyyatından öncə Azərbaycan və Rusiya rəhəbərliyi arasında böyük ehtimalla müəyyən razılaşmalar olub.

“Bu razılaşmaları 2022-ci ildə imzalanan Moskva bəyannaməsində gördük, indi də imzalanan Yol Xəritəsində görürük. Böyük ehtimalla yeni imzalanacaq sənədlərin, anlaşmaların da şahidi olacağıq”, o qeyd edib.

Qasımlı hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişafının Azərbaycana mənfi təsirləri olacaq.

“Azərbaycan avtoritar rejim olaraq qalacaq. Rusiya bu rejimin qalmasına bundan sonra da dəstək verəcək. Bu həm də Azərbaycanın müasir dünyadan kənarda qalacağına xidmət edəcək. Bundan sonra Azərbaycanın demokratik dünyaya inteqrasiyası dayanacaq və hətta qopmaları da görəcəyik. Azərbaycanın Qərb dünyasından ayrı düşəcəyinin şahidi olacağıq. Əgər dünyanı demokratik və qeyri-demokratik, avtoritar rejimlərə bölsək Azərbaycan tamamilə avtoritar klubun üzvünə çevriləcək. Qərbin demokratik institutlarına inteqrasiya prosesləri dayanacaq”, o qeyd edib.

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə bildirib ki, Azərbaycan Avropa ilə izolyasiya deyil, sıx inteqrasiya kursu tutmaq hesabına ölkənin daha çox perspektiv inkişafını təmin edə bilər.

“Əks halda, ən yaxşı halda biz MDB ölkələri, bu lənətlənmiş bir dairədən kənara çıxa bilmərik. Avropa bazarı deyəndə biz orada yalnız enerji məhsullarının ixracını nəzərdə tutmalı deyilik. Eyni zamanda müasir inkişafın, daha çox innovativ texnologiyaların, hərtərəfli inkişafın ən mühüm məqamı budur. Həm də 500-600 milyonluq bir istehlakçı bazarından söhbət gedir ki, bu istehlakçı bazarına daha çox məhsul və xidmətləri ixrac etmək olar. Nəticədə oradan ölkəyə valyuta daxil olma imkanlarımızı genişləndirə bilərik”, o qeyd edib.

Forum

XS
SM
MD
LG