İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana səfər edib.
Bu barədə İranın İRNA agentliyi məlumat verib.
Məlumata görə, Bakı hava limanında onu Azərbaycan Təhlükəsizlik Şuralarının katibi Ramil Usubov qarşılayıb.
Məlumatda deyilir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə də görüşəcək.
Daha sonra Yerevana gedərək Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
“Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir”, məlumatda deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
Görüşdə Azərbaycan və İran arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan regional məsələlərin region dövlətləri tərəfindən həll edilməsinin tərəfdarıdır və bu xüsusda regional əməkdaşlıq xarakteri daşıyan 3+3 formatının təşəbbüskarı da məhz Azərbaycan Respublikası olub.
Regiondan kənar xarici qüvvələrin regiona cəlb edilməsinin qəbuledilməz olduğu bir daha qeyd edilib.
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin və bu baxımdan Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlıq formatının vacibliyinə toxunulub.
Azərbaycanda bu istiqamətdə böyük həcmli yüklərin olduğu bildirilib.
“Həmçinin “Araz dəhlizi” layihəsi və bu çərçivədə Ağbənd məntəqəsi istiqamətində, Araz çayı üzərində körpülərin və yol-nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı, bu layihənin də regional nəqliyyat bağlantılarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edildi”, məlumatda bildirilir.
Prezident Adminsitrasiyasının məlumataın görə, Azərbaycan ilə İran arasında Araz çayı boyunca su elektrik stansiyalarının inşası layihələri müzakirə olunub.
Azərbaycan, Rusiya və İran arasında elektrik xəttlərinin birləşdirilməsi məsələsinə toxunulub, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
“Söhbət zamanı ölkələr arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipi əsasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi qeyd olundu, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edildi”, məlumatda qeyd edilib.
Azərbaycan-İran əlaqələri
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlim keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.
Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
İran Ədliyyə Nazirliyi 2024-cü ilin yanvarında cinayəti törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə edam hökmü çıxarıldığını bildirsə də hökümn icra edilməsi barədə hələ rəsmi məlumat yaymayıb.
Bununla yanaşı, son iki ildə iki ölkənin xarici işlər nazirləri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib. Azərbaycan Prezidentinin xüsusi tapşırıqları üzrə nümayəndəsi İrana səfər edib.
Daha sonra iki ölkənin hərbi və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri arasında çoxsaylı görüşlər keçirilib.
Ötən il oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.
Həmçinin ötən il Azərbaycanla İran sərhədində bir sıra birgə istifadə ediləcək obyektlər açılıb.
İranın yeni prezidenti seçiləndən sonra, ötən ilin sonlarında Azərbaycanın İrandakı səfirliyi diplomtik fəaliyyətini bərpa edib. Tehrandakı Azərbaycan konsulluğu fəaliyyətə başlayıb.
Forum