Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mark Libbi dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına təbriklərini ünvanlayıb.
Bu gün yaydığı videomüraciətdə azərbaycanlılara yeni ildə sülh, firavanlıq və xoşbəxtlik arzulayan Mark Libbi, ötən il ərzində baş verən mühüm hadisələrə də toxunub.
“Yeni il və Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Yeni il ərəfəsində və səfir kimi fəaliyyətimin bu son həftələrində keçən ili diqqətlə nəzərdən keçirmək üçün yaxşı vaxtdır. ABŞ Azərbaycanla əlaqələrimizə dəyər verir və biz ortaq dəyərlər, çağırışlar üzərində birgə işləri davam etdirməyi səbirsizliklə gözləyirik”, Mark Libbi deyib.
Səfir dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 38 nəfərin həyatını itirməsi ilə nəticələnən qəzası ilə bağlı başsağlığını yeniləyərək deyib ki, “ötən həftə baş verən ürək dağlayıcı təyyarə qəzasında həyatını itirənlərin dərin hüznünü sizinlə paylaşırıq”.
“Düşüncələrim həlak olanların ailələrinin və yaralıların yanındadır. Nizami Gəncəvi ən çətin anlarda belə ümidini itirmə, çünki ən qara buludlardan büllur yağış yağar deyib. Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır və bu mənə ümid verir. Bu həmin faciənin qara buludlarındakı büllur yağışdır”, səfir vurğulayıb.
Səfir bu yaxınlarda Gəncədə Nizami Gəncəvi məqbərəsini ziyarət etmək şərəfinə malik olduğunu, Gəncəvinin min ilə yaxındır dünya azərbaycanlıları üçün ilham və birlik mənbəyi olduğunu deyib.
“Onun poeziyası indi də sizin xalqınızı, yaradıcılığınızı və bədii ruhunuzu əks etdirir. O həm də bütün ömrünü Gəncədə keçirmiş əsl azərbaycanlı övladı idi və bu möhtəşəm ölkəyə və insanlarına ondan daha yaxşı rəmz düşünə bilmirəm. 2024-cü ildə birlikdə nail olduğumuz hər şeydən qürur duyuram”, səfir əlavə edib.
Səfir noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransı barədə danışaraq bildirib ki, COP29-da əldə edilən təkanlar yaşıl enerjiyə keçiddə və insan hüquqlarının təşviq edilməsində birlikdə işləməyə kömək edəcək.
“Ən əlamətdar nailiyyət bütün dünyanın diqqətini özünə çəkmiş COP29-da ABŞ danışıqları komandası Azərbaycanın prezidentliyi zamanı istedadlı və peşəkar mütəxəssislərlə sıx əməkdaşlıq etdi. Biz dünya ölkələrindən digər əməkdaşlarla birlikdə maliyyələşmədən tutmuş, qeyri-karbon istixana qazlarına qədər bir sıra aktual məsələlər üzrə qlobal fəaliyyətə təkan verəcək razılaşma əldə etdik. COP29 çərçivəsində birgə işləyərək uşaqlarımızın gələcəyini yaxşılaşdıracaq real addımlar atmaqla tənqidçiləri təəccübləndirdik və konspiransiya nəzəriyyələrini təkzib etdik”, Libbi deyib.
Mark Libbi il ərzində Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlara da toxunub və sülh sazişinin imzalanacağına inamını ifadə edib.
“Azərbaycan və Ermənistanın keçən 12 ay ərzində ikitərəfli danışıqlar və etimadın möhkəmləndirilməsi tədbirləri vasitəsi ilə əldə etdiyi irəliləyiş məni ruhlandırır. İnanıram ki, bir az əlavə səy və siyasi cəsarətlə hər iki tərəf regionda ləyaqətli və davamlı sülhü təmin edəcək saziş imzalaya bilər. Belə bir saziş sülhü, stabilliyi və bu regionda yaşayan xalqların daha yüksək rifahını təmin edərək bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək. Bütün bunlar məndə 2025-ci ildə ikitərəfli münasibətlərimizə dair daha da böyük ümidlər doğurur. Sülh prosesi ilə bağlı artıq gördüyümüz ümidverici əlamətlər bu regiona daha da təhlükəsizlik və rifah gətirəcək bir razılaşmada öz bəhrəsini verməlidir”, səfir vurğulayıb.
ADA Universiteti və ABŞ universitetləri arasında yeni ikili diplom və mübadilə proqramlarının başlaması ilə ali təhsil mübadilələrində böyük nailiyyətlərə çatdıqlarını qeyd edən səfir Libbi, Amerikada təhsil alan azərbaycanlıların sayında əhəmiyyətli dərəcədə artımın şahidi olduqlarını deyib.
Azərbaycanın bir sıra regionlarına səfərini xatırladan ABŞ səfiri hər yerdə dost kimi qarşılandıqlarını, ABŞ-ın Azərbaycana göstərdiyi dostluğa görə təşəkkür etdiyini və birgə işi davam etdirməyi səbirsizliklə gözlədiklərini deyib.
“Mən bu gün Nizami Gəncəvinin müasir davamçıları olan bütün azərbaycanlılara sülh, həmrəylik, yaradıcılıq, firəvanlıq və birlik dolu 2025-ci il arzulayıram”, Mark Libbi yekunda qeyd edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.
Bu zaman İstanbulda keçirilən Türkdilli Xalqların Konfransı 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə təklif verib.
1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəy həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi keçmiş SSRİ-nin İranla sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.
Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.
Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Forum