Accessibility links

Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizi ilə tranzit yükdaşımaların inkişafı barədə saziş imzalayıb


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı və Rusiyanın nəqliyyat naziri Roman Starovoit.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı və Rusiyanın nəqliyyat naziri Roman Starovoit.

Dekabrın 21-də Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, sazişi Moskvada Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiyanın nəqliyyat naziri Roman Starovoit imzalayıb.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatında isə deyilir ki, nəqliyyat naziri Roman Starovoit ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüşün gündəliyinin əsas mövzusu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyət olub.

“Bugünkü saziş Şimal-Cənub dəhlizinin inkişafı üçün tarixi əsasdır. İnfrastruktur layihələrimiz faktiki olaraq ən azı 15 milyon ton daşıya biləcəyimizi təmin etməyə yönəlib və yükgöndərənlər bu dəhlizdə maraqlıdırlar. Ümumiyyətlə, Bəndər Abbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq ”, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev vurğulayıb.

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)
Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Məlumatda deyilir ki, saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu yükdaşımaları və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini yaradacaq. Malların dövlət sərhədindən keçirilməsi prosedurlarını asanlaşdıran şərtlər yaranacaq. Dəmir yolu ilə yükdaşımaların həcminin artırılması nəzərdə tutulur.

“Daşımaların həcminin artım templəri ilə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı arasında tarazlıq da təmin ediləcək. 2023-cü ilin sonunda, eləcə də 2024-cü ilin 11 ayında dəmir yolu ilə yükdaşımalarda artım müşahidə olunur. Rusiya aviaşirkətləri tərəfindən sərnişin və yüklərin daşınması da xeyli artıb. Avtomobil nəqliyyatı ilə yükdaşımalarda da artım müşahidə olunur”, nazirlik bildirir.

Rusiya Nəqliyyat Nazirliyi həmçinin bildirir ki, ötən il Yaraq-Kazmalyar avtomobil keçid məntəqəsinin yenidən qurulması başa çatdırılıb.

“Taqirkent-Kazmalyar və Novo-Filya keçid məntəqələrinin modernləşdirilməsindən sonra Rusiya tərəfində ümumi keçid qabiliyyəti 500 nəqliyyat vasitəsi - sutkada 3 minə qədər artacaq. Dekabrın 25-dən Tagirkent-Kazmalyarda yük avtomobilləri üçün elektron növbə fəaliyyətə başlayacaq. Həmçinin, Dərbənd dəmir yolu keçid məntəqəsi 2027-ci ilə qədər modernləşdiriləcək. Bu il “Yaraq-Kazmalyar” və “Samur” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və saxlanılmasına dair hökumətlərarası saziş imzalanıb. “Qafqaz” avtomobil yolunun 4 zolağa genişləndirilərək əsaslı təmiri başa çatdırılıb. Xasavyurt, Dərbənd və Mahaçqalada dolama yollarının tikintisi üzrə işlər aparılır”, məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG