Accessibility links

Təhlilçi Azərbaycan-İran danışıqlarını münasibətlərə müsbət dinamika gətirmək cəhdi kimi qiymətləndirir


Şahin Mustafayev və Abbas Əraqçi
Şahin Mustafayev və Abbas Əraqçi

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehrana səfəri çərçivəsində oktyabrın 15-də İranın xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

İRNA agentliyinin məlumatına görə, görüşdə nazir Əraqçi İranın xarici ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduğunu bəyan edərək, region ölkələrinin imkanlarından, o cümlədən 3+3 məsləhət mexanizmindən istifadənin zəruriliyini vurğulayıb.

Agentliyin məlumatında deyilir ki, Əraqçi görüşdə İsrailin “Fələstin və Livanın müdafiəsiz xalqına qarşı bəzi Qərb ölkələrinin dəstəyi ilə həyata keçirilən əməliiyatlara işarə edərək, bunun dayandırılması üçün qlobal addımların atılmasının vacibliyini” bildirib.

Əraqçi İranın xarici ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduğunu bəyan edərək, region ölkələrinin imkanlarından, o cümlədən 3+3 məsləhət mexanizmindən istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb.

Agentlik bildirir ki, görüşdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında ticarət, investisiya, tranzit, elektrik enerjisi, su və neft sahələrində əməkdaşlığı faydalı və konstruktiv kimi qiymətləndirib.

O, Qafqaz regionunda baş verən hadisələrə dair məlumat təqdim edərək, Bakının regionda sülhün bərqərar olmasına yanaşmasını vurğulayıb, Azərbaycan Respublikasının öz ölkəsinin ərazisindən qonşularına qarşı hücuma heç vaxt imkan verməyəcəyini bildirib.

Azərbaycan Baş nazirinin müavini İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Məsud Pezeşkianla, neft naziri Möhsin Paknejadla, yol və şəhərsalma naziri Fərzanə Sadiqlə və iqtisadiyyat naziri Əbdünnasir Himməti ilə görüşüb.

İqtisadiyyat naziri Əbdünnasir Himməti bildirib ki, Azərbaycanla İranın ticarət həcmi 400 milyon dollara yaxındır,

“Bu, çox aşağıdır və orada balans yoxdur. Ticarətin həcminin artırılmasında pul və bank sisteminin rolu barədə yaxşı müzakirələr aparıldı və Azərbaycan tərəfi bu məsələni araşdırmağa söz verdi. Qərara alındı ki, İqtisadiyyat Nazirliyindən sonra onlar həmçinin sığorta və bank idarəmizlə də əlaqə saxlasınlar ki, biz kommersiya sektorunun həcmini genişləndirmək, ticarətin həcmini artırmaq üçün işlər görəkI, nazir qeyd edib.

Yol və şəhərsalma naziri Fərzanə Sadiqi İranın Rəşt-Astara dəmir yolunun tikintisinə başlamasına toxunaraq deyib: “Bu məsələ Şimal-Cənub Dəhlizinin inkişafı üçün dönüş nöqtəsidir və bu marşruta aparan dəmir yolu infrastrukturunun inkişafı üçün Azərbaycan hökumətinin əməkdaşlığı çox önəmlidir”.

Yol və Şəhərsalma naziri iki ölkə arasındakı yol sahəsində optimal sərhəd imkanlarını vurğulayaraq bildirib ki, gündəlik qəbul edilən donanmaların sayı Astara sərhədində 1000-ə, Biləsuvarda 800-ə, Culfada 700-ə, Poldəştdə 600-ə çatdırılsın.

Fərzanə Sadiq iki ölkə arasında birgə uçuşların artırılmasının vacibliyini də qeyd edərək deyib: “İki ölkə arasında hava nəqliyyatı inkişaf etdirilməlidir. Bu istiqamətdə hər iki ölkədə birgə uçuşların artırılmasına zəmin yaradılmalıdır”, o qeyd edib.

Azərbaycan tərəfi görüşlər barədə hələ rəsmi məlumat yaymayıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin İranda apardığı danışıqlar iki ölkənin münasibətlərinə müsbət dinamika gətirmək üçün bir cəhddir.

“İranda görüşlərdə tərəflər iqtisadi, ticarət, enerji, infrastruktur, hərbi əməkdaşlıq və regionda sülhü yaratmaq üçün birgə fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirib. Yəni sözügedən görüşlərdəki standart ifadələr heç nəyi dəyişmir və nə Azərbaycanın İrana, nə də İranın Azərbaycana qarşı olan münasibəti dəyişməz olaraq qalır. Bir az dərinə getsəydik, Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı deyəcəkdi ki, bu, İranın “qırmızı xətt”idir”, təhlilçi qeyd edib.

Forum

XS
SM
MD
LG