Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri müzakirə olunub

Ceyhun Bayramov və Radoslav Şikorski (Mənbə: Azərbaycan Xarici Işlər Nazirliyi)

Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-Polşa əməkdaşlığının perspektivləri müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 5-də Polşa xarici işlər naziri Radoslav Şikorski Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla bu barədə müzakirələr aparıb.

Məlumatda deyilir ki, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğramasının səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə ölkəsinin hazır olduğu bildirib.

Daha sonra növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.

“Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.