Rusiya və Azərbaycan Prezidentləri qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı “müxtəlif məsələləri”n müzakirəsini davam etdirib

İlham Əliyev və Vladimir Putin (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Rusiya Prezidenti Vladimir Putin dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Azərbaycanın Rusiya Federasiyasının Qroznı şəhərinə uçan təyyaərsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsini davam etdirib.

Bu barədə Azərbaycan Prezidentinin Administrasyası məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Putin və Əliyev bu gün telefon danışığı zamanı “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı “müxtəlif məsələlərin” müzakirəsini davam etdirib.

Azərbaycan və Rusiya telefon dasnışığı ilə bağlı detallı məlumat yaymayıb.

Bu, son iki gündə Rusiya və Azərbaycan prezidentləri arasında ikinci telefon danışığıdır.

Dekabrın 28-də Prezident Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını faciəli hadisə adlandırıb və faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib.

Söhbət zamanı qeyd olunub ki, ciddi qrafikə əməl edən Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.

“Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir. Hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır və orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə işləyirlər. Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq xidmətləri Aktau şəhəri yaxınlığında baş vermiş təbii fəlakət yerində sıx əməkdaşlıq edir”, Rusiya Prezidentinin rəsmi internet saytında yayılan məlumatda deyilir.

Bu gün, dekabrın 29-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğraması zamanı həlak olan ekipaj üzvlərinin dəfn mərasimində iştirakdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan öz tələbini açıq şəkildə Rusiya tərəfinə bildirib.

“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”, Azərbaycan Prezidenti qeyd edib.

Prezident Əliyev həmçinin Azərbaycan təyyarəsinin Rusiya ərazisinə Ukraynanın dron hücumundan əvvəl vurulduğunu ehtimal edir.

"Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər və birinci sualda dediyim məsələlərə qayıdarkən onu da bildirməliyəm. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Çünki bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra o “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört basdır-etmək üçün etdilər", Əliyev müsahibəsində qeyd edib.

Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev təyyarənin “Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini” qeyd edib.