Qubad İbadoğlu: Səhhətim bir az da pisləşib, ürəyimdə cərrahi müdaxiləyə ehtiyac var

Qubad İbadoğlu

Hazırda ev dustaqlığında olan iqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində Avropa Parlamentində Saxarov mükafatının təqdimatında çıxışına imkan verilməməsindən, səhhətindəki problemlərdən və xaricə çıxışına qoyulmuş qadağa ilə bağlı məhkəmə baxışlarından danışıb.

İbadoğlu Avropa Parlamentinin Saxarov mükafatının builki finalçılarından biri kimi dekabrın 17-də baş tutan mükafatlandırma mərasiminə dəvət edilsə də, o, barəsindəki cinayət işi çərçivəsində tətbiq edilən səyahət qadağasına görə mərasimdə iştirak edə bilməyib. Onu Strasburqda qızı Jalə Bayramova təmsil edib.

Avropa Parlamentinin prezidenti Roberta Metsola azərbaycanlı professor, anti-korrupsiya eksperti Qubad İbadoğluya qarşı ittihamların götürülməsinə çağırıb.

Amerikanın Səsi: Dekabrın 17-də Avropa Parlametnində Saxarov mükafatının təqdimatında çıxış etməli idiniz. Çıxış etdinizmi?

Qubad İbadoğlu: Mən dünən (dekabrın 17-də) Saxarov mükafatının təqdimatında çıxış üçün dəvət almışdım. Təəssüf ki, ölkədən xaricə çıxışımla bağlı qadağa hələ də qüvvədədir. Bununla əlaqədar dekabrın 3-də Nərimanov Rayon Məhkəməsi bizim şikayətimizi təmin etməyib. Bu gün isə Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qərarından vəkilim Zibeydə Sadıqovanın şikayətinə baxacaq. Qeyd edim ki, adətən bu şikayətlərə 3 gün müddətində baxır. Amma, bizim şikayətimizə Apellyasiya Məhkəməsi nədənsə iki həftə sonra baxdı. Bu günki məhkəmədən də müsbət gözləntimiz yox idi. Elə də oldu, məhkəmə şikayətimizi təmin etmədi.

Your browser doesn’t support HTML5

Qubad İbadoğlu: Səhhətim bir az da pisləşib, ürəyimdə cərrahi müdaxiləyə ehtiyac var

Amma, məsələ bundan ibarətdir ki, Saxarov mükafatının təqdimatında onlayn çıxış imkanları da olur. Ölkədən çıxışıma qadağa olduğu üçün mükafatın təqdimatında onlayn qaydada iştirakımın təmin olunması nəzərdə tutulurdu. Demək olar ki, mükafatın təqdimat mərasiminə yarım saat qalmış internet imkanlarımız məhdudlaşdırıldı. Hesab edirəm ki, internetin məhdudlaşdırılması həmin tədbirlə əlaqəli idi. Dünən bütün gün ərzində mənim yaşadığım mənzildən nə internet, nə də telefon vasitəsi ilə mobil dataya çıxış imkanları olmadı.

Amerikanın Səsi: Qubad bəy səsinizdə də problem var. Səhhətiniz necədir?

Qubad İbadoğlu: Təəssüflər olsun ki, səhhətim bir az da pisləşib. Səsim də bununla əlaqədardır. Əsas problem ürəyimdədir və bu davam edir. Həm bu yaranmış situasiya və bütövlükdə gərgin şərait, eyni zamanda müraciətlərimizə baxılıb qanuna müvafiq qərarların verilməməsi sözsüz ki, səhhətimə təsirsiz ötüşmür. Hal-hazırda özümü yaxşı hiss etmirəm. Hətta bu gün Apellyasiya Məhkəməsində iştirakım nəzərdə tutulurdu, amma səhhətimə görə məhkəmə iclasına qatıla bilməyəcəm. Məhkəmədə məni vəkilim Zibeydə Sadıqova təmsil edəcək.

Amerikanın Səsi: Azərbaycanda müayinə və müalicəniz aparılırmı? Həkimlər nə deyir?

Qubad İbadoğlu: Müayinələr gedir, amma hazırda müalicələrim də davam edir. Sadəcə çalışırıq ki, bunu Azərbaycandakı həkimlərin məsləhəti ilə deyil, Azərbaycandan xaricdə yaşayan azərbaycanlı həkimlərdən və yaxud xarici həkimlərdən tövsiyyələr alaq. Əslində əvvəlki haldan elə bir dəyişiklik yoxdur. İndiki halda yaxşı olar ki, müayinələri bitirib, əsas mərhələyə, müalicə mərhələsinə, zərurət yaranarsa cərrahi müdaxilə mərhələsinə keçsin. Amma, təəssüflər olsun ki, tibbi şərait və imkanlar məhduddur. Əslində bu müayinə və müalicə də müəyyən müddət üçün nəzərdə tutulmuşdu. Artıq müddət başa çatıb. Yeni mərhələdə daha çox cərrahi müdaxiləyə ehtiyac var. Bunun da Azərbaycanda aparılmasını məqsədə müvafiq hesab etmirik. Xaricə çıxışım da hətta tibbi məqsədlər üçün də qadağandır.

Amerikanın Səsi: Barənizdə istintaq işi dayandırılıb. İndi vəziyyət necədir?

Qubad İbadoğlu: İstintaqın dayandırılması ilə bağlı məhkəməyə müraciət etmişik. Əslində bu il iyulun 29-da bizə verilən məlumata görə istintaq qeyri-müəyyən müddətə dayandırılıb. Amma bununla bağlı indiyə qədər heç bir sənəd ala bilmirik. Yəni istintaqın dayandırılması barədə qərarı təsdiq edən heç bir sənəd bizə təqdim olunmur. Bununla əlaqədar məhkəməyə müraciət etmişik. Dünən də məhkəmə təyin edilmişdi. Artıq, ikinci məhkəmədir ki, Nərimanov Rayon Məhkəməsində istintaqın dayandırılması qərarını verən orqanın əməkdaşı məhkəməyə gəlmədiyi səbəbindən təxirə salınır. Bu məhkəmə birinci dəfə dekabrın 5-də, ikinci dəfə isə dekabrın 17-də təxirə salınıb. Hətta haqqımda olan qərarla tanış olmaq imkanı yaradılmır. Yəni, bu qərar mənim barəmdədir, amma qərarı mənə və ya vəkilimə verməkdən imtina edirlər.

Amerikanın Səsi: Başqa bir bəyanatınız yoxdur?

Qubad İbadoğlu: Xüsusi bir bəyanat yoxdur. Yeganə onu demək istəyirəm ki, qanunsuzluqlar davam edir. Onu demək istəyirəm ki, mənim ailəmin mülkiyyətində olan mənzilə, hansı ki, orada axtarış da aparılmışdı, qadağa qoyulub. Mənzillə bağlı məhkəmə müstəvisində müraciətlərimiz heç bir fayda vermədi. Baxmayaraq ki, qanunsuzdur. Amma, yenə də nə Nərimanov Rayon Məhkəməsi nə də apellyasiya məhkəməsi şikayətimizi təmin etmədi. Hələ də mənzilimizin üzərində həbs qərarı qalır. Amma, yeri gəlmişkən deyim ki, mənzil üzərindəki həbs qərarı ilə bağlı bizə sənəd vermirlər. Qərarı hansı orqan, nəyin əsasında qəbul edib? Çünki məhkəmə bu qərarı qəbul etməyib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.

Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edib.