Accessibility links

ABŞ Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını alqışlayır, onun və həbs edilən digər şəxslərin azad edilməsinə çağırır


Birləşmiş Ştatlar Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını alqışlayıb və Azərbaycan hökumətini onun və həbsdə olan digər şəxslərin tez zamanda azad edilməsinə çağırıb.

“Qubad İbadoğlunun humanitar əsaslarla ev dustaqlığına buraxılmasını alqışlayırıq. Biz onun tezliklə tam azad edilməsinə çağırışımızı bir daha təkrarlayırıq və Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün digər şəxsləri azad etməyə çağırırıq,” ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X sosial media platformasında bildirib.

Qubad İbadoğlu aprelin 22-də Bakının Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qəbul edilmiş qərara əsasən səhhətində ciddi problemlərlə bağlı narahatlıqların artdığı vaxt ev dustaqlığına buraxılıb.

Beynəlxalq ictimaiyyət ABŞ və Avropanın bir sıra universitetlərində çalışmış professor Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını alqışlayıb, eyni zamanda, Azərbaycan hakimiyyətinə onun azad edilməsi ilə bağlı çağırışlar edib.

Qubad İbadoglu aprelin 22-də ev dustaqlığına buraxıldıqdan sonra Amerikanın Səsinə müsahibədə bildirib ki, özünü həbsdən azad olunmuş hesab etmir.

“Mən həbsdən azad olunmuş hesab olunmuram. Çünki mənə qarşı irəli sürülmüş ittihamlar qalır. Eyni zamanda bildiyiniz kimi, bu ev dustaqlığının müəyyən məhdudiyyətləri var. Bakı şəhəri ərazisindən çıxmamaq, Azərbaycanı tərk etməmək. Müəyyən yaşayış yerini dəyişməmək. Yaşayış yerini dəyişəndə məlumat vermək. Belə məhdudiyyətlər hələ davam edəcək. Bugünkü qərar təbii ki, tam azadlığım kimi qəbul oluna bilməz”, Qubad İbadoğlu bildirib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, doktor Qubad İbadoğlu keçən ilin iyul ayında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittihamlar irəli sürülüb.

Qubad İbadoğlu ona qarşı ittihamları qəbul etməyərək, həbsinin siyasi sifariş olduğunu bildirib.

Beynəlxalq təşkilatlar və bir sıra ölkələr, ABŞ Dövlət Departamenti, ABŞ konqresmenləri və senatorları Azərbaycan hökumətinə Qubad İbadoğlunun azad edilməsi ilə bağlı çağırışlar edib.

Forum

XS
SM
MD
LG