Accessibility links

Qubad İbadoğlu ilə bağlı yekun ittiham elan edilib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Aprelin 17-də Bakı İstintaq Təcridxanasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş müstəntiqi Yusif Yusifov vəkillər Zibeydə Sadıqova, Şəhla Hümbətova və Bəhruz Bayramovun iştirakı ilə professor Qubad İbadoğluna yekun ittihamı elan edib.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.

“Qardaşım bütün dünyanın – qərb ölkələri parlamentlərinin və hökumətlərinin, universitetlərin və beynəlxlaq təşkilatların sarkazmla yanaşdığı qurama ittihamlarla təqsirləndirilir: dini ekstermizm (167-3.1) və saxta pul kəsmək (204.3.1)”, o qeyd edib.

Onun sözlərinə görə, son 6 ayda qardaşının işi ilə bağlı heç bir istintaq hərəkəti aparılmayıb, ancaq istintaq müddəti əsassız olaraq 2 dəfə uzadılıb.

“Yekun ittihamı nə Qubad İbadoğlu, nə də müdafiə tərəfi qəbul etmir”, vəkil Bəhruz Bayramov Amerikanın Səsinə deyib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG