Avropa Parlamentinin Demokratlar Partiyasından, Yaşıllar və M5S parlament qrupundan olan on səkkiz deputatı azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlu ilə bağlı İtaliyanın Xarici İşlər Naziri Antonio Tayaniyə müraciət edib.
İtaliyanın Milli İnformasiya Agentliyi (ANSA)-nın məlumatına görə, müraciətdə Qubad İbadoğlunun azad edilməsi üçün tədbirlər görmək və onun 16-19 dekabr tarixlərində Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa səfərini təmin etmək xahişi yer alıb.
Müraciətdə qeyd edilir ki, İbadoğlu Azərbaycanda "Demokratiya və Rifah naminə Hərəkat"ın sədridir, "İqtisadi Tədqiqatlar Mərkəzi"nə rəhbərlik edib, dövlət maliyyə idarəçiliyi, yaxşı idarəetmə və büdcə şəffaflığı üzrə tədqiqatlar aparıb.
Onlar Tayanidən doktor Qubad İbadoğlunun qeyd-şərtsiz azad edilməsi, onun Saxarov adına mükafatın təqdimetmə mərasimində iştirak etməsinə icazə verilməsini xahiş etmək üçün İtaliya diplomatiyasının müdaxiləsi məqsədilə diplomatik vasitələrdən istifadə etməyi xahiş edirlər.
Avropa Parlamentinin Prezidenti Roberta Metsola professor Qubad İbadoğlunu bu il 14-19 dekabr tarixlərində Strasburqa, Saxarov mükafatının təqdimetmə mərasiminə dəvət edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.
Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edib.
Forum