Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin fəalı Tehran Abdullayev oktyabrın 15-də saxlanılıb. AXCP fəalının saxlanılmasından yalnız 3 gün sonra xəbər tutub.
AXCP-nin məlumatına görə, indiyədək Tehran Abdullayevlə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Tehran Abdullayev oktyabrın 15-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib.
“Hələ Tehran Abdullayevlə görüşə bilməmişəm. Güman edirəm ki, onunla oktyabrın 21-də görüşəcəm. Bu səbəbdən həbsinin dəqiq səbəbləri ilə bağlı hələ bir söz deyə bilmirəm. Güman edirəm ki, o siyasi fəaliyyətinə görə polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir”, vəkil qeyd edib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.