AXCP-yə qarşı hakimiyyətin illərdir səngiməyən repressiyası yenidən güclənib.
Bu barədə müxalifdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəyanatında deyilir.
“Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, sənəddə qeyd edilir.
Bəyanatda deyilir ki, hazırda Aydın Əliyevin şikayəti ilə AXCP sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə "xüsusi ittiham qaydasında cinayət işi başladılıb".
“Bundan əvvəl isə həmin adamın şikayətləri əsasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsi AXCP-nin axırıncı qurultayının qərarlarını (o cümlədən Əli Kərimlinin AXCP sədri seçilməsi haqda qərarı) ləğv edib. Bakı Apellyasiya Məhkəməsi partiyanın fəaliyyətinin dayandırılması barədə iddiaya baxmağa başlayıb. Hakimiyyət buna qədər də Əli Kərimliyə qarşı dəfələrlə cinayət işi başladıb. Bir neçə dəfə məhkəmələrdəki ifadələrlə təsdiq olunub ki, həbs edilmiş müxtəlif şəxslərdən işgəncə yolu ilə Əli Kərimlinin əleyhinə saxta ifadə almaq istəyiblər. Əli Kərimli dəfələrlə rejimin fiziki zorakılığına məruz qalıb (ən ağırı 19 oktyabr 2019-cu ildə razılaşdırılmamış yürüş-mitinq zamanı olub), onun 18 ildir vətəndaşlıq pasportu verilmir, 4 ildir internet və mobil telefon xidmətindən istifadəsi məhdudlaşdırılıb, özü daimi təqib və izləmə altındadır”, bəyanatda qeyd edilir.
AXCP bildirir ki, "Əli Kərimli barəsində yenidən cinayət işinin açılması da, partiyanı qanundan kənar qoymağa hesablanmış məhkəmə təqibləri də birbaşa İlham Əliyevin göstərişidir".
“AXCP-ni fəaliyyət imkanından məhrum etmək üçün hakimiyyət buna qədər də çox cəhdlər edib. Partiyanın bir ofisi əlindən alınıb, birinin qapısı qanunsuz olaraq qaynaqlanıb, daha biri isə partladılıb. Son illərdə rəhbər şəxsləri də daxil olmaqla 50 nəfərdən artıq üzvü uzun müddətə həbs olunub (12 üzvü hazırda siyasi məhbusdur), 300 nəfərə qədər üzvü isə müxtəlif müddətlərdə inzibati həbsə məhkum edilib”, AXCP bildirir.
AXCP hesab edir ki, bu təşkilata və onun sədrinə qarşı bütün “repressiv tədbirlərin məqsədi ölkədə faktiki təkpartiyalı siyasi sistemə keçidə imkan verməyən yeganə təskilatlanmış maneəni aradan qaldırmaq, ölkədə müxalifətçiliyi faktiki qadağan etməkdir”.
AXCP hesab edir ki, “Kərimliyə qarşı məhz indi - dünyada və regionumuzda avtoritar rejimlərin əleyhinə proseslərin vüsət aldığı bir vaxtda cinayət işi quraşdırmağa ehtiyac duyulması təsadüfi deyil”.
AXCP özünə qarşı bu repressiv addımları qətiyyətlə pisləyir və hakimiyyətdən başlatdığı “absurd məhkəmə təqiblərini” dərhal dayandırmağı tələb edir.
AXCP bəyan edir ki, indiyə qədər olduğu kimi, bundan sonra da heç bir təzyiq, repressiya onu Azərbaycan xalqının hüquq və azadlıqları, Azərbaycanın demokratiyaya qovuşması uğrunda prinsipial mübarizədən çəkindirməyəcək.
AXCP beynəlxalq birlikdən partiya və onun sədrinə qarşı başlanmış bu qanunsuz hərəkətləri diqqətlə izləməyi, “avtoritar Əliyev rejimini durdurmaq üçün təsirli tədbirlər görməyi” gözləyir.
Bəyanat AXCP-nin Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi tərəfindən qəbul edilib.
Öz növbəsində, AXCP sədri Əli Kərimli ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında müraciət edəm Aydın Əliyev Amerikanın Səsinə iddiasını təsdiq edib.
O bildirib ki, AXCP sədri bilə-bilə müxtəlif internet televiziya kanallarında və nəşrlərdə ona böhtan atıb.
Xatırladaq ki, rəsmi Bakı bir qayda olaraq ölkədə insanların iradəsinə görə təqib edilmdəiyini, bütün şəxslərin qanunvericilik qarşısında bərabər olduğunu bəyan edir.
Forum