Demokratik Qvvələrin Milli Şurası Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkisini boykot etmək qərarını müdafiə edir və milli maraqları düşünən bütün siyasi qüvvələri belə bir qərar verməyə səsləyir. Bu barədə Milli Şuranın bəyanatında deyilir.
“Milli Şura 1 sentyabr seçkisini seçki yox, nəticəsi əvvəlcədən müəyyən edilmiş, şəxsən İlham Əliyevin istəyinə uyğun ssenariləşdirilmiş ucuz tamaşa sayır və orada iştirakı lüzumsuz, milli maraqlar baxımından zərərli sayır”, sənəddə qeyd edilir.
Milli Şura hesab edir ki, Azərbaycanda seçki institutu “bilavasitə İlham Əliyevin məqsədli siyasəti ilə məhv edilib və vətəndaşların seçkiyə heç bir marağı, inamı qalmayıb”.
“1 sentyabr seçkisinə xalqın etinasız münasibəti də bundan irəli gəlir. Elan olunan seçkinin kampaniya müddətinin artıq 3 həftəsi geridə qalır, lakin ölkədə hər hansı seçki ab-havası hiss olunmur. Acınacaqlısı budur ki, İlham Əliyev hökuməti də məhz belə olmasını istəyir. Azərbaycan hakimiyyəti bu seçkiyə sayı 300 nəfəri keçmiş siyasi məhbusla, azad medianı boğub sıradan çıxarmaqla, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə divan tutmaqla gedir. Seçki komissiyaları hakimiyyətin tam nəzarəti altındadır, bütün saxtakarlıq imkanları artırılmış şəkildə yerli və mərkəzi seçki komissiyalarının sərəncamındadır. Vətəndaş cəmiyyətinin, müxalifətin və müstəqil quruluşların səsvermə və səslərin sayılmasına nəzarət imkanı yoxdur. Mitinq və toplantılar üzərində qeyri-rəsmi qadağa qüvvəsində qalır”, sənəddə qeyd edilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkiləri boykot edən yeganə partiyadır. Bu partiyanın bəyanatında deyilir ki, AXCP xalqın bu seçkiyə etinasız münasibətini anlayır və təqdir edir.
“AXCP beynəlxalq birlikdən nəticələri əvvəldən müəyyən edilmiş bu saxta seçkiyə prinsipial münasibət göstərməyi, onun müşahidəsindən imtina etməyi gözləyir”, sənəddə qeyd edilir.
Bununla yanaşı, Azərbaycan iqtidarı bir qayda olaraq seçkilərin demokratik və azad şəriatdə keçirlməsi üçün bütün imkanların yaradıldığını bəyan edir.
Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində artıq 22 siyasi partiya öz namizədləri ilə iştirak edəcəyini bəyan edib. Bu arada müxalifətdə olan Müsavat Partiyası 34 seçki dairəsindən, REAL Partiyası isə 13 seçki dairəsindən namizədlərinin adını açıqlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 15-də deyib ki, növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün 119 seçki dairəsi üzrə 431 nəfər müraciət edib.
Onun sözlərinə görə, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.
Ölkə üzrə Milli Məclisə seçkilər üzrə 125 seçki dairəsi var. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.
Forum