Accessibility links

Azərbaycanda parlament seçkiləri üzrə seçici siyahıları dəqiqləşdirilir


Seçki
Seçki

Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər davam etdirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 2-də keçirilən iclasında deyib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsini seçkiyə 25 gün qalmışa qədər başa çatdırılmalıdır.

“Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb”, o qeyd edib.

Onun sözlərinə görə, prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi olub.

“Bu dəfə də həmin dəvətlər hazırlanır. Çalışmalıyıq ki, müşahidəçilərlə bağlı göstəricilər əvvəlki illərdən az olmasın”, MSK sədri deyib.

Bununla yanaşı, Müsavat Partiyasının Ali Məclisnin sədri Arif Hacılı Amerikanın Səsinə deyib ki, bundan əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi indi də ölkədə seçkiqabağı demokratik mühit mövcud deyil.

“Belə ki, ölkədə sərbəst toplaşma azadlığı təmin edilmir, söz və ifadə azadlığı basqı altındadır. Ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraiti yoxdur. Xeyli sayda siyasi məhbuslar var. Təbii ki, belə bir şəraitdə keçirilən seçkiləri və seçkiqabağı demokratik mühit şəraitində keçirilən seçkilər kimi dəyərləndirmək mümkün deyil”, o qeyd ediob.

Onun fikrincə, seçki qanunvericiliyi də demokratik seçkilərin keçirilməsinə imkan vermir.

“Çünki seçki komissiyaları əslində tam olaraq hakimiyyətin nəzarəti altındadır”, Hacılı bildirib.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir.

Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkiləri və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Forum

XS
SM
MD
LG