Turan İnformasiya Agentliyinin siyasi rerdaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Rusiyanın Qafqaz regionunda dini-etnik zəmində baş verən hadisələri doğuran səbəblərdən danışıb.
Amerikanın Səsi: Son bir neçə ayda Rusiyanın Qafqaz regionunda dini-etnik məzmunda ikinci qarşıdurma baş verib? Sizcə bu insidentin səbəbləri nədir?
Şahin Hacıyev: Bu uzunmüddətli prosesdir. Dünən başlamayıb. Dağıstan elə regiondur ki, orada dini radikallaşma ən azı son 20-25 il ərzində davam edir. Vaxtaşırı onun residivləri baş verir. Bax, indi baş verən hadisə, terrorist hücumu məhz o residivlərin birisidir. Bunun da məhz indi baş verməsinin səbəbləri Qəzzada olan vəziyyətdir. İsrail-Fələstin müharibəsi və orada müsəlmanların ölməsidir. Dini radikallar Dağıstanda törətdiyi terrorist aktı yəhudilərin və xristianların əleyhinə, onlardan qisas almaq şüarı ilə həyata keçiriblər. Bu, tamamilə qəbuledilməzdir. Lakin dini radikalların digər mübarizə üsulları yoxdur. Sadəcə olaraq dövlət qurumları bunları nəzarətdə saxlayıb, qarşısını almalıdır. Lakin Dağıstanda bu proseslər nəzarətdən kənardadır.
Amerikanın Səsi: Rusiyanın bir sıra rəsmi şəxsləri Mahaçqala və Dərbənddə baş verənlərin arxasında Ukraynanın və NATO-nun durduğunu iddia edir? Siz necə hesab edirsiniz?
Şahin Hacıyev: Bu, tamamilə əsassız və həqiqətə uyğun olmayan bir mövqedir. Yəni öz problemlərinin səbəbini digər yerdə axtarmaq kimidir. Ukrayna və NATO-nun kifayət qədər öz problemi var, nəinki Dağıstana gedib hansısa terroristə dəstək vermək. Bu, Rusiya dövlət qurumlarının tamamilə bacarıqsızlığını və bu vəziyyətdə tamamilə özlərini itirdiyini göstərir. Bu, Rusiyanın özü üçün bir faciədir. O mənada ki, təbliğat Rusiyada belə işləyir: "Bizim ölkədən yaxşı ölkə yoxdur, nə varsa düşmənlərdən, kənardan gəlir." Bu, həmin ideologiyanın izahatıdır.
Amerikanın Səsi: Rusiyanın Qafqaz regionu Çeçeintan hadisələri də daxil olmaqla dini-etnik baxımından həssaslığı ilə seçilir. Son qarşıdurmalar bu regionda separatçılıq meyllərini gücləndirə bilərmi?
Şahin Hacıyev: Bəli, gücləndirə bilər. Onu nəzərə alsaq ki, Çeçenistan ümumiyyətlə artıq Rusiya qanunları ilə yaşamır. Orada olan rejim, qayda-qanun, iqtisadi vəziyyət Rusiya Konstitusiyasından kənardadır. Sadəcə, orada olan rejim, məsələn Kadırov özünü xan kimi aparır. Sadəcə olaraq, Moskvanın tabeliyində olmağını qəbul edir və digər məsələlərdə öz bildiyini eləyir. Bu region tamamilə Rusiyanın nəzarətindən çıxıb. Get-gedə orada baş verən mənfi proseslər qonşu regionlara təsir göstərir. Dağıstanda baş verən hadisələr nisbətən həmin o təsirin nəticələrindən birisidir. Əgər Moskvada hakimiyyət Çeçenistanı yenidən Rusiyaya qaytarmağa cəhd etsə, həmin an Şimali Qafqazda yeni Rusiya-Çeçenistan və yaxud Qafqaz xalqları ilə Rusiyanın yeni müharibəsi başlayacaq.
Amerikanın Səsi: Rusiyanın Qafqaz regionunda baş verənlərin Cənubi Qafaz ölkələrinə, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər?
Şahin Hacıyev: Birincisi, qonşu regiondur. Təbii ki, burada qaçqın problemi ola bilər. Burada qeyri-qanuni silahlı dəstələrin və yaxud insanların Azərbaycan ərazisinə keçməsi məsələsi ola bilər. Sərhəddə qeyri-stabillik, sərhədlərin bağlanılması, şimal istiqamətində əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin zəifləməsi və gərginlik olar. Təbii ki, qonşu ölkədə baş verən hadisələr bizə mənfi təsir göstərə bilər. Hətta yadınızdadırsa 10-15 il bundan əvvəl Azərbaycanın şimal regionlarında məhz qeyri-qanuni qurumlar və silahlı dəstələr Şimali Qafqazdan gedib-gəlirdi. Orada onlar xeyli sayda cinayət və gərginlik törətmişdilər.
Forum