Accessibility links

Qafqaz üzrə mütəxəssis Mahaçqala hava limanına basqını şərh edir


Qafqaz üzrə mütəxəssis Mahaçqala hava limanına basqını şərh edir
please wait

No media source currently available

0:00 0:08:46 0:00

Qafqaz üzrə mütəxəssis Mahaçqala hava limanına basqını şərh edir

Sosial antropoloq və Qafqaz üzrə mütəxəssis Denis Sokolov Amerikanın Səsinə mühasibədə Mahaçqalada bir qrup insanın hava limanına etdiyi basqını, Şimali Qafqazda ictimai-siyasi vəziyyəti və Şimali Qafqaz xalqlarının siyasi görüşlərini şərh edib.

Amerikanın Səsi: Cənab Sokolov, oktyabrın 29-da Dağıstanda böyük bir izdiham İsrailin Təl-Əviv şəhərindən gələn təyyarənin eniş etdiyi hava limanına basqın edib. Bu hadisə sizi təəccübləndirdimi?

Denis Sokolov: İzdiham Təl-Əvivdən təyyarə enmədən əvvəl Dağıstan hava limanına hücum etməyə başladı. Çünki bu hekayə “Dağıstanın səhəri” teleqram kanalı tərəfindən idarə olunmuşdu və kifayət qədər də uğurla idarə olunub. Belə cavab verə bilərəm ki, vəziyyətə münasibətin özü məni təəccübləndirmədi, çünki İsrail, Fələstinə və HƏMAS-a münasibət rusdilli müsəlmanların kimliyinin bir hissəsidir və başqa münasibət gözləmək mümkün deyil, çünki prinsipcə bütün İslam ümməti tutduğu tərəfdə yekdildir. Bu, belə desək ağla-qaradır. Onlar qulaq asdıqları din xadimlərinin ardınca gedirlər. Din xadimləri ola biləcəklərindən daha radikal olmağa məcburdurlar. Və bu, demək olar ki, tamamilə proqnozlaşdırılan qaçılmaz özünütəhrikdir. Bu vəziyyətə münasibət haqda.

Poqroma, hətta belə demək olar ki, yəhudilərin iştirak etmədiyi klassik yəhudi poqromuna, reaksiya odur ki, bu, gözlənilən reaksiyadan bir qədər kənara çıxır. Bəs nə gözləmək olardı? Bəli, hamı mətbəxdə, məsciddə, ictimai yerlərdə, WhatsApp-da hamı qınayacaq və hamı Qəzza zolağından şəkillər yerləşdirəcək, hamı İsrail hərbçilərini pisləyəcək, hamı bombardmanları pisləyəcək, hər kəs mütləq İsrail ordusunun qəddarlığını qeyd edəcək və HƏMAS-ın etdiklərini unudacaq. Konkret olaraq bu halda mən nə biri, nə də digərinə haqq qazandırmıram. Yəni terror aktı törədilib və bu terror aktına cavab var. Belə şəraitdə terror hücumuna reaksiya çox nadir hallarda ağrısız olur. Burada da bunula əlaqədar itkilərin qaçılmazlığından danışmağa ehtiyac yoxdur.

Onları azaltmaq olardı-bu başqa məsələdir. Və prinsipcə, ictimaiyyətin bir hissəsində fələstinlilərə, digər hissəsində isə israillilərə nifrət var ki, bu siyasiləşdirilmiş məsələdir, çünki, prinsipcə, terrorçular var, hərbçilər var və mülki insanlar var ki, onlar həmişə qurban vəziyyətinə düşürlər. Bu, başqa məsələdir. Amma gözlənilə bilən reaksiya Qaraçay Çərkəzində oldu. Belə ki, orada yəhudiləri Qaraçay Çərkəzinə buraxmamaqla bağlı kiçik bir mitinq keçirildi. Kabardin-Balkarda da bir hadisə oldu ki, orada tikilməkdə olan yəhudi mərkəzinin ərazisində təkər yandırıldı və sanki yəhudi mərkəzi yandırıldı. Yəni prinsipcə bəli söz-söhbət gözlənilən idi, amma bu cür hərəkətlər yox. Hərəkətləri qızışdırmağa çalışırdılar. Düşünürəm ki, bunu Rusiya xüsusi xidmət orqanları da edirdi. Düşünürəm deyirəm ona görə ki, məndə heç bir dəlil yoxdur, amma belə bir anlayışım var ki, bu, onların oynadıqları oyundur. Çünki ümumilikdə Putin rejimi 2-ci cəbhəyə, İslam cəbhəsinə oynayır. O, müsəlmanları təkcə İsrailə deyil, həm də Ukraynaya və Qərbə qarşı yönəltmək vəzifəsini yerinə yetirir və bu onda kifayət qədər effektiv şəkildə alınır. Müsəlmanların nə dərəcədə təsirli olacağı isə başqa məsələdir.

Amma Uytaş hava limanındakı bu poqrom bir qədər qeyri-adi hadisədir, çünki burada Putinin HƏMAS-ın tərəfində dayanmasına, müsəlman kimliyinin baş verənlərə uyğun reaksiya tələb etməsinə, Rusiya xüsusi xidmət orqanlarının onları qızışdırmasına, bütün bu kifayət qədər bürokratik və ya virtual prosesə, Dağıstanda səfərbərliyə qarşı etirazdan başlayaraq kütləvi aksiyalar təşkil edən bir kanal kimi özünü çoxdan təsdiqləyən Telegram kanalının təşkilati resursu da qoşuldu. Bu kanalın sahibi Karat kəndindən olan dağıstanlı, avar Bakar Abakarov artıq işıqlandırılıb. Onun tərcümeyi-halı, bəzi səhvlərin olmasına baxmayaraq, bir qədər ətraflı şəkildə təsvir edilib. Və prinsipcə, Bakar Abakarov kifayət qədər fəal müsəlmandır, inancları olan biridir. Və mən deyəcəm ki, yəqin ki, ümumi fona, bürokratiyanın, o cümlədən kəşfiyyat xidmətinin hərəkətlərinə belə bir aktivistlik qoşuldu ki, bu, poqromun mahiyyətcə təşkil prosesini tamamladı.

Amerikanın Səsi: Biz bilirik ki, Şimali Qafqaz 1990-cı illərdən Rusiya üçün qeyri-sabit region olub. Bölgədəki ictimai-siyasi vəziyyətlə bağlı düşüncəniz nədir?

Denis Sokolov: Mən deyə bilmərəm ki, regionda ictimai-siyasi vəziyyət məsələn, 2000-ci illərdə, 90-cı illərdə və ya 2010-cu ilin ortalarına qədər, ilk öncə 1-ci və 2-ci Çeçen müharibələrinin, sonra isə gizli silahlı hərəkatların fəal olduğu və daha sonra da 2014-cü ildən sonra demək olar ki, hamının döyüşmək üçün Suriyaya getdiyi vaxtla müqayisədə güclü qeyri-sabitlik istiqamətində fərqlənir. Və ümumiyyətlə, çoxları oradan qayıtmadı. Və belə bir nəticə oldu ki, fəal olan insanlardan kimisə Suriyada öldü, kimisə immiqrasiya etdi. Və prinsipcə mən, o andan, 2015-2016-dan sonra Şimali Qafqazda hər hansı qeyri-sabitlikdən danışmazdım. Yəni orada 2 döyüşən tərəfdən praktiki olaraq heç kim qalmayıb. Gizli hərəkatlar Suriyaya və sürgünə getdi. Əleyhdarlar isə müxtəlif dərəcədə əsaslandırılmış ( əksər hallarda əsassız olan ) antiterror əməliyyatları həyata keçirən xüsusi xidmət orqanlarıdır. Bu, daha çox əhaliyə, ruhani idarətməyə tabe olmayan İslam icmalarına qarşı terror idi. Bütün bu təhlükəsizlik işçiləri, ekstremizmlə mübarizə mərkəzinin əməkdaşları, hamısı Ukraynaya getdi. Yəni biriləri bir cəbhəyə, digərləri başqa cəbhəyə getdilər, heç kim qalmadı və hər şey axıb getdi. Prinsipcə, demək lazımdır ki, Rusiya hüquq-mühafizə orqanları Şimali Qafqazda istənilən narazılığı, istənilən fəaliyyəti, siyasi və hətta mülki fəaliyyətləri dağıdıb. Minlərlə gənc ölüb, minlərlə insan həbsdədir. Yəni, Şimali Qafqazda təkcə siyasi mövqe deyil, demək olar ki, istənilən hərəkat vəhşicəsinə darmadağın edilib. Və heç dəyişməyib, indi də belədir.

Amerikanın Səsi: Sizcə, Şimali Qafqaz xalqlarının siyasi görüşləri necədir? Onların siyasi görüşləri Moskvadakı siyasi elitanın siyasi görüşü ilə nə dərəcədə üst-üstə düşür?

Denis Sokolov: Bunu demək çətindir. Nəinki çətindir, sadəcə olaraq Şimali Qafqazda çox sayda millət yaşayır. Hətta bölgəni qərbi Şimali Qafqaz və şərqi Şimali Qafqaza bölsək belə - bunlar iki çox fərqli regiondur. Və Kabarda-Balkariya, Qaraçay-Çərkəz və Stavropol diyarı və Şimali Osetiya İnquşetiya, Çeçenistan və Dağıstandan çox fərqlənir. Bu respublikaların hər də bir-birindən fərqlənir. Orada insanların siyasi görüşləri fərqlidir. Bu respublikalarda müxtəlif dini inanclara, müxtəlif dərəcədə dünyəviliyə malik müxtəlif insanlar yaşayır. Məsələn, Dağıstanda, Çeçenistanda, İnquşetiyada kişilərin demək olar 100 faizi cümələri məscidə gedir. Kabarda-Balkariya, Qaraçay-Çərkəz və Osetiyada cümə günü məscidə gedən müsəlmanların nisbəti pravoslav əhalisi olan bölgələrdə bazar duasına gedən pravoslavların nisbətinə bənzəyir. Yəni fərq çox böyükdür. Ona görə də Şimali Qafqazın vahid bir region olduğunu deməyəcəm.

Moskva elitasının siyasi görüşlərindən nə qədər fərqlənir? Burada da Moskva elitasının siyasi görüşləri Krasnoyarsk, İrkutsk bölgələri və s. sakinlərinin siyasi görüşlərindən fərqlənir. Yəni burada da iki böyük fərq var. Ölkə çox müxtəlifdir. Və məlumatlara əsasən demək olar ki, Qafqazda insanlar dünyaya “Sadovoe koltso” daxilində yaşayan insanlardan fərqli baxır. Amma eyni şeyi Primorsk diyarının sakinləri barədə də demək olar. Onlar da dünyaya “Sadovoe koltso”da yaşayan moskvalılardan fərqli olaraq başqa tərəfdən baxır. Amma “Sadovoe koltso”da yaşayan insanlar artıq, məsələn, Almaniyaya, Litvaya və ya Fransaya köçüblər və onlar da həyata əvvəl baxdıqları kimi baxırlar, qafqazlılar isə özlərinə məxsus şəkildə. Mən kifayət qəzər uzun bir müddət Şimali Qafqazda, Dağıstanda çalışdığım üçün mənim üçün iki kənd belə, bəzən hətta kifayət qədər əhəmiyyətli dərəcədə, siyasi görüşlərinə görə fərqlənir.

Forum

XS
SM
MD
LG