Rusiya prezidenti Vladimir Putin bazar ertəsi böyük bir izdihamın Dağıstanın hava limanına basqın edərək, İsrailin Tel-Əviv şəhərindən gələn təyyarənin sərnişinləri arasında israilliləri axtarmasından bir gün sonra təhlükəsizlik və hüquq-mühafizə orqanlarının yüksək səviyyəli nümayəndələrinin iclasını çağırıb.
Rusiya xəbər agentliklərinin məlumata görə, yüzlərlə qəzəbli şəxs bazar günü axşam saatlarında əsasən müsəlmanların yaşadığı regionun paytaxtı Mahaçqalada hava limanının uçuş xəttinə axışaraq, israilli sərnişinləri axtarıb.
Dağıstanın Səhiyyə Nazirliyi 20-dən çox insanın yaralandığını, 2 nəfərin vəziyyətinin ağır olduğunu bildirib. Bildirildiyinə görə, yaralananlar arasında polis əməkdaşları və mülki şəxslər var.
Yerli Daxili İşlər Nazirliyi iğtişaşlarda 60 nəfərin saxlanıldığını bildirib. Onların arasında kimlərə qarşı ittiham irəli sürülüb-sürülmədiyi məlum deyil. Lakin Rusiyanın İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ittihamı ilə cinayət işi açdığını bildirib.
Rusiya xəbər agentlikləri izdihamın uçuş xəttinə çıxaraq, Rusiyanın "Red Wings" avia-şirkətinə məxsus təyyarəni mühasirəyə aldığını, göründüyü kimi polisin az müqavimət göstərdiyini bildirib.
Sosial mediada yayılan video və fotolarda izdihamda bəzilərinin Fələstin bayraqları dalğalandırdığını, bəziləri isə polis avtomobilini aşırmağa çalışdıqlarını görmək olub. Digərləri isə əllərində "Uşaq qatilləri Dağıstanda xoş qarşılanmır" və "Biz yəhudi qaçqınlarına qarşıyıq" yazılmış plakatlar tutub.
İzdihamda iştirak edənlər arasında çox guman ki, israilli olanları müəyyənləşdirmək üçün gələn sərnişinlərin pasportlarına baxanlar da olub. İğtişaş sonradan dağıdılıb.
Rusiyanın mülki "Rosaviatsiya" idarəsinin bildirdiyinə görə, Mahaçqala hava limanı çərşənbə axşamı səhər saat 3-ə qədər bağlı qalacaq.
Bazar ertəsi Kreml iğtişaşları "kənar müdaxilə" ilə əlaqələndirib və Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iclasda "Qərbin Yaxın Şərqdəki hadisələrdən (Rusiya) cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdləri" müzakirə olunacaq.
Həmçinin bazar ertəsi Rusiyanın dövlət RİA Novosti xəbər agentliyi Dağıstan qubernatoru Sergey Melikova istinadən bildirib ki, iğtişaşlar Dağıstanda vəziyyətin sabitliyini pozmaq və iğtişaşları artırmaq məqsədi ilə Ukraynada yerləşən "satqınlar" tərəfindən idarə olunan Telegram kanalında koordinasiya edilib.
Forum