Accessibility links

Arif Hacılı: Ölkədə seçkiqabağı demokratik mühit mövcud deyil


Arif Hacılı: Ölkədə seçkiqabağı demokratik mühit mövcud deyil
please wait

No media source currently available

0:00 0:06:04 0:00

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Amerikanın Səsinə müsahibəsində parlament seçkiləri öncəsi ölkədə seçki mühitindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

Arif Hacılı: Təəssüf ki, bundan əvvəlki seçkilərdə və referendumlarda olduğu kimi indi də ölkədə seçkiqabağı demokratik mühit mövcud deyil. Belə ki, ölkədə sərbəst toplaşma azadlığı təmin edilmir, söz və ifadə azadlığı basqı altındadır. Ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraiti yoxdur. Xeyli sayda siyasi məhbus var. Təbii ki, belə bir şəraitdə keçirilən seçkiləri seçkiqabağı demokratik mühit şəraitində keçirilən seçkilər kimi dəyərləndirmək mümkün deyil.

Amerikanın Səsi: Mövcud qanunvericilik normaları və mövcud seçki mühiti şəraitində azad, ədalətli, demokratik seçkilər keçirilməsini mümkün sayırsınızmı?

Ölkədə sərbəst toplaşma azadlığı təmin edilmir, söz və ifadə azadlığı basqı altındadır. Bərabərhüquqlu siyasi rəqabət şəraiti yoxdur. Xeyli sayda siyasi məhbus var.

Arif Hacılı: Təbii ki, hakimiyyət bundan əvvəl də seçkilər, referundumlar keçirib və bu seçkilər də keçiriləcək. Ancaq bu seçkilərin azad və ədalətli olması imkanı yoxdur. Çünki bu seçki qanunvericiliyi əslində demokratik seçkilərin keçirilməsinə imkan vermir. Çünki seçki komissiyaları əslində tam olaraq hakimiyyətin nəzarəti altındadır. Bu seçkiləri də, bundan əvvəlki seçkiləri, referendumları dəfələrlə saxtalaşdırmış seçki komissiyaları həyata keçirəcək. Ona görə də bu, xalqın etimadını, cəmiyyətin etimadını qazanmamış seçki komissiyalarının keçirdiyi seçkilər olacaq. Çox yəqin ki, həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən bu seçkilər də azad və ədalətli olmayan seçkilər kimi dəyərləndiriləcək.

Amerikanın Səsi: Sizcə ölkədə azad seçkilərin keçirilməsi üçün hansı islahatlara ehtiyac var?

Arif Hacılı: İlk növbədə seçkiqabağı demokratik şəraitin yaradılması lazımdır. Bunun üçün fundamental insan haqları təmin edilməlidir. İlk növbədə sərbəst toplaşma azadlığı təmin edilməlidir. Yürüşlər, piketlər keçirmək hüququ bərpa edilməlidir. Söz və ifadə azadlığı təmin edilməlidir. Mətbuat üzərində basqılara son qoyulmalıdır. Eyni zamanda ölkədə normal, müstəqil bir vətəndaş cəmiyyətinin yaranmasına maneçilik törədilməməlidir. Əksinə buna şərait yaradılmalıdır. Bundan başqa qanunvericilikdə çox ciddi islahatlara ehtiyac var. Məsələn, parlament seçkilərində proporsional seçki sistemi bərpa olunmalıdır. Siyasi partiyalara bərabərhüquqlu rəqabət şəraiti yaradılmalıdır.

Amerikanın Səsi: Arif bəy, niyə indiyədək beynəlxalq seçki müşahidə missiyalarının Azərbaycanda seçkilərlə bağlı tövsiyələri hökümət tərəfindən yerinə yetirilmir? Səbəb nədir?

Arif Hacılı: Bu, çox ciddi məsələdir. Təkcə Azərbaycanda daxili siyasi məsələlərə yox, bütövlükdə Azərbaycanın beynəlxalq imicinə də çox ağır zərbə vuran bir məsələdir. Eyni zamanda Azərbaycanı inkişafdan saxlayan bir məsələdir. Təəssüf ki, Azərbaycan hakimiyyəti demokratik, azad seçkilərin keçirilməsindən ehtiyatlanır. Hakimiyyət bilir ki, onun apardığı siyasət xüsusilə ölkədə bərabər imkanlar şəraitinin yaranmaması, korrupsiya və rüşvətxorluğun yüksək səviyyədə olması, ölkədə azad bazar iqtisadiyyatı sisteminin tətbiq olunmaması cəmiyyətdə çox ciddi narazılıq yaradıb. Narazılıqların başqa səbəbləri də var. Maaşların, pensiyaların çox aşağı olması, ölkədə işsizliyin yüksək səviyyədə olması cəmiyyətdə çox ciddi narazılıqlar yaradır. Bu narazılıq şəraitində keçirilən demokratik seçkilərdə hakimiyyət istədiyi nəticələrə nail olmayacağını bilir və ona görə nə yerli, nə beynəlxalq təşkilatların islahatlarla əlaqədar irəli sürdüyü təklifləri qəbul edir. Əksinə ölkədə son dövrlərdə qanunda, konstitusiyada hər hansı bir dəyişikliklər baş veribsə, bu dəyişikliklər bir qayda olaraq neqativ və mürtəce xarakter daşıyıb.

Amerikanın Səsi: Müsavat Partiyası parlament seçkilərinə qatılacaqmı? Partiyanız seçkilərə qatılarsa blok şəklində, yoxsa təklikdə iştirak edəcək?

Arif Hacılı: Ümumiyyətlə seçkilərdə iştirak hər bir partiyanın qarşısında duran əsas vəzifələrdən biridir. Təəssüf ki, bundan əvvəlki sualın cavabında qeyd etdiyim neqativ hallar siyasi partiyalarda, o cümlədən Müsavat Partiyasında seçkilərdə iştirakla bağlı tərəddüdlər yaradır. Hal-hazırda partiyanın strukturlarında müzakirə olunur və yaxın günlərdə partiyanın kollegial məclisində müzakirə edərək qərar qəbul edəcəyik. Seçkilərdə iştirakla bağlı koalissiyaların yaradılması məsələsinə gəldikdə isə bu da Azərbaycanda indiki şəraitdə kifayət qədər müşkül bir məsələdir. Çünki əvvəla seçkilərin növbədənkənar təyin olunması koalisiya qurulması üçün müzakirələrin aparılmasına imkan vermir. İkincisi Azərbaycanın gerçək müxalifət partiyalarından hansı siyasi partiyaların seçkilərə qatılacağı barədə hələlik bizdə məlumat yoxdur. Bir qayda olaraq partiyaların seçkilərdə təkbaşına iştirakına daha uyğun gəlir və yəqin ki Müsavat Partiyası seçkilərdə iştirak etmək barədə qərar qəbul etsə bu iştirak təkbaşına olacaq.

Qeyd: Bu, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının fikirləridir. Azərbaycan hakimiyyəti seçkilərlə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, seçkilərin azad və demokratk şəraitdə keçirlidiyini bəyan edir.

Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki müşahidə missiyaları indiyədək Azərbaycanda keçirilən seçkilərin Avropa İttifaqı standartlarına uyğun olmadığını bəyan edib.

Forum

XS
SM
MD
LG