Accessibility links

AXCP fəalının həbsxanada intihara cəhd etdiyi bildirilir


Mehman Əliyev (Mənbə: Sosial şəbəkə)
Mehman Əliyev (Mənbə: Sosial şəbəkə)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəalı Mehman Əliyev televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd edib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda bildirilir ki, Əliyev Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilib.

“Mehman Əliyevin sağlamlıq durumu ilə bağlı məlumat ala bilmirik”, AXCP-nin məlumatında deyilir.

Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, həbs edilmiş şəxs Mehman Əliyev radio işlətmək üçün istifadə olunan kiçik ölçülü batareya udması barədə məlumat verib.

“Müayinə və səhhətinin tibbi nəzarətdə saxlanılması üçün Müalicə müəssəsinə köçürülüb, hazırda səhhətində heç bir problem yoxdur,” Penitensiar Xidmət bildirib.

Mayın 24-də Daxili İşlər Nazirliyi bildirib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər - Şirvan şəhər sakinləri Əli İsayev və Mehman Əliyevdən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib”.

Mehman Əliyevin atası Aydın Əliyev bildirib ki, oğlu Şirvan şəhərində qohumu Əli İsayevin zorla saxlanılmasına dair videokadrları yaydıqdan sonra saxlanılıb.

Daha sonra polis videonun silinməsini istəyib, lakin Mehman imtina edib.

Nəticədə həm Əli İsayev, həm də Mehman Əliyev narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalın həbsini videonun yayılması ilə əlaqələndirib.

Forum

XS
SM
MD
LG