İtaliya “C-27J Spartan” tipli hərbi təyyarəni Azərbaycana təqdim edib

İtaliya “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsini Azərbaycana təqdim edib (Məbə: Prezident Administrasiyası)

İyunun 26-da Azərbaycanda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin təqdimatı olub.

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatıan görə, təyyarə Bakı Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak edib.

Prezidentə bildirilib ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir. “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacaq.

Prezident İlham Əliyev İtaliya müdafiə naziri Quido Krosetto ilə görüşündə bildirib ki, Azərbaycan ilə İtaliya bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə əlaqələrin əsasını təşkil edir.

“Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsi İtaliyanın payına düşür və ticarət dövriyyəmiz 15 milyard dolları ötüb. Bir çox İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıyır”, o qeyd edib.

Azərbaycan Prezidenti əməkdaşlığın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxunub və qeyd edib ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.

İtaliyanın müdafiə naziri Quido Krosetto isə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanmasından məmnunluğunu bildirib.

İtaliyanın müdafiə naziri bundan öncə - ötən il yanvarın 12-də Azərbaycanda səfərdə olub. Səfər zamanı iki ölkənin müdafiə nazirləri hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib. Müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb.

2023-cü il iyunun 8-də isə Azərbaycan İtaliya ilə bir neçə “C-27J Spartan” təyyarələri alınması barədə müqavilə imzalayıb.