Accessibility links

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi olub


Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi (Rəsmi foto)
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi (Rəsmi foto)

Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

Tədbirə Bolqarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas qatılıb.

Azərbaycan Prezidentinin rəsmi internet saytında yer alan məlumata görə, Prezident Əliyev bildirib ki, ötən il Azərbaycan təqribən 19 milyard kubmetr təbii qaz ixrac edib, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.

“Bu il qaz ixracmız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula von der Leyenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var,” o qeyd edib.

Avropa Komissiyasının sədri xatırladıb ki, Bolqarıstan Rusiyanın Ukraynaya qarşı müharibə elan etdiyi zamanadək 80 faiz qazını Rusiyadan idxal edib.

"Bu, Rusiyanın Ukraynaya hərbi müharibəsi və Avropaya qarşı enerji müharibəsinə başlamazdan öncə idi. Bu gün bu layihə həm Bolqarıstan, həm də Avropanın enerji təhlükəsizliyi məsələsində ciddi şəkildə vəziyyəti dəyişir. Bu, Rusiya qazından asılılığın aradan qaldırılması, müstəqillik deməkdir."

Ursula von der Leyen vurğulayıb ki, interkonnektor bütün Bolqarıstanı təmin edəcək qaz ixrac etmək potensialına malikdir.

"Çox çətin zamanda bu, möhtəşəm bir xəbərdir. Həm Bolqarıstanda, həm də Avropanın digər regionlarında insanlar Rusiyanın müharibəsinin nəticələrini hiss edir, lakin bu cür layihələrə görə Avropanın qış üçün qaz tədarükü olacaq. Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb, xüsusilə də son aylarda: Rusiya qazının alternativ qaz mənbələrinin, yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev buradadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim. Bizim Norveç, ABŞ, Əlcəzair kimi dostlarımız və digər tərəfdaşlarımız bu çətin zamanda bizə kömək edir," o qeyd edib.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçən Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılıb və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.

Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, yəni yeni çağırışlar fonunda Avropada Azərbaycan qazına tələbat artmaqdadır.

XS
SM
MD
LG