İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova Azərbaycanın Ədliyyə Nazirlinə müraciət edib.
"Fərid azərbaycanlı olduğuna görə həbs olunub, mənim oğlum olduğuna görə yox", ana nazirə müraciətində bildirib.
Əsgərova bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə də müraciət edib.
“Prezidentə müraciətimdən sonra mənə məktub göndərdıyinizi yüksək qiymətləndirirəm. Amma siz ekstradisiya etmək üçün istədiyiniz sənədləri Xarici İşlər Nazirliyindən və ASAN xidmətdən bir sorğu ilə almaq mümkündür. Bütün nəsil gedib Fərid üçün arayıs almağa - yaşayış yerindən, ASAN Xidmət deyir özü gəlsin, bizimkilər deyirlər İranda həbsdədir, cavab verirlər ki, etibarnamə versin (nə qədər gülməlidir) ASAN Xidmət. Hökm bir nüsxədir yalnız, onu da konsulluq vasitəsi ilə XİN-ə göndərmişəm. Onu da almaq problem olmasin gərək. Fəridin ekstradisiya olunması üçün onun pasportundakı qeydiyyat niyə bəs etmir? Lütfən, bu bürokratiyaya son qoyun. Dekabrda sizin idarədə oldum. O vaxtdan bir vətəndaşın sənədlərini əldə edə bilmirsiniz. Fərid azərbaycanlı olduğuna görə həbs olunub, mənim oğlum olduğuna görə yox. Bir zəhmət çəkib sizin məmurlar sorğu göndərib sənədləri alsınlar. İnanın bilsəm alınır gəlib özüm yığıb sənədləri verərəm sizə. Amma yazdığım kimi bu sənədləri almaq mümkün deyil”.
Ana nazirdən sual edir ki, onun oğlu niyə məmur səhlənkarlığına görə həyatını türmədə keçirməlidir?
“Sizin işçilərə eyni məzmunlu məktub yazıram, kohnə məktubu yenidən göndərirlər: yaşayış yerindən arayış və hökmü göndər. Sanki mənim məktubumu oxumurlar”, o qeyd edib.
Bununla yanaşı, Ədliyyə Nazirliyi Amerikanın Səsinin Dilarə Əsgərovanın müraciəti ilə bağlı sorğusuna hələ cavab verməyib.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.
Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.
Azərbaycan Baş Prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.
Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.