Accessibility links

İranda saxlanılan Fərid Səfərliyə iki il həbs verilib


Fərid Səfərli (Fotonu Səfərlinin anası təqdim edib)
Fərid Səfərli (Fotonu Səfərlinin anası təqdim edib)

“Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”.

Bu barədə İranda həbsdə olan Fərid Səfərlinin Almaniyada yaşayan anası Dilarə Əsgərova Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, oğlunu ittiham etmək üçün hər hansı sübut yoxdur, sadəcə saxta təqsir quraşdırıblar.

Dilarə Əsgərova: Oğlum ittihamı qəbul etmir
please wait

No media source currently available

0:00 0:02:07 0:00

“Hökmün verilməsi üçün hakimin istinad etdiyi “sübutlar” bunlardır. Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki ev yiyəsi təklif edib ki, avro ilə də ödəniş edə bilərsən. Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqları qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcuməsi səsləndirilib. Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur, sadəcə tərcümədə cox ciddi təhrif olunub. Məsələn, Fərid internet zəif olduğundan mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib. Bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materialı yenidən tərcümə etdirməyə qərar verdik. Fərid guya 2022-ci ildə İrana Almaniya telefon nömrəsi ilə 22 dəfə zəng vurub. Fərid bu iddiani rədd edib və bu zənglərin çıxarışını tələb edib. Ona bildirilib ki, xarici zənglərin çıxarışını çıxartmaq mümkün deyil. Fərid sual verib ki, bəs haradan bildiniz ki, bu nömrələrə mən zəng etmişəm. Təbii ki, qaneedici cavab almayıb. Vəkilin hakimlə görüşü zamanı hakim qeyd edib ki, məhkəmə zamanı Fəridin özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib. Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə? Nə qədər anormal bir yanaşmadır”, Dilarə Əsgərova qeyd edib.

O deyib ki, ədalətsiz hökm ona çox ağır təsir edib.

“İllərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın bir iş təklifi al, işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər. Fərid sonda mənə dedi ki, Sepahın zindanında yaşadıqlarına baxmayaraq (nə qədər təkid etdimsə də bu haqda danışmayacağını bildirdi), azadlığa çıxandan sonra bütün bunları unutmağa çalışacaq, bu kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq”, ana qeyd edib.

O, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Dilarə Əsgərova Azərbaycan Xarici İşlər Nazirliyinə oğlunun azadlığı üçün iş aparmaları xahişi ilə müraciət edib.

Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Forum

XS
SM
MD
LG