Accessibility links

İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşının anası xarici işlər nazirinə müraciət edib


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərli barəsində artıq məhkəmə başlasa da, o, hələ də vəkillə təmin edilməyib.

Bu barədə onun anası Dilarə Əsgərova Facebook səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciətində bildirib.

“4 aydan yuxarıdır oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur: məhkəmədə fars dilində dindirilir. Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən nə də İran tərəfdən vəkillə təmin olunmayıb. O cinayətkar olduguna görə həbs olunsaydı, hec kimə ağız açmazdım, deyərdim zəhmət çəksin cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də Sizdən xahiş edirəm onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır) və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz! Mən inanıram ki, Siz mənim çağırışıma biganə qalmayacaqsınız!“ Əsgərovanın xarici işlər nazirinə müraciətində deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər ki, "bununla bağlı daha sonra məlumat veriləcək".

İranın Azərbaycandakı səfirliyindən şərh almaq mümkün olmayıb.

Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.

Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib.

XS
SM
MD
LG