Accessibility links

İranda həbsdə olan Fərid Səfərlinin anası Azərbaycan Prezidentinə müraciət edib


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun həbsdə azad edilməsinə kömək etməsi xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

“Oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qicanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb”, ananın müraciətində deyilir.

Əsgərova bildirir ki, oğlu İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib.

“Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam. Onun İran həbsxanalarında necə ağır bir dönəm yaşadığını təsəvvür edirəm. Özüm həkim olduğum üçün bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Eyni zamanda, onun bu travmalardan reablitasiyası uzun illər çəkəcək”, o qeyd edib.

“Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz. İnanıram ki, Siz mənim müraciətimə biganə qalmayacaqsınız!” Əsgərova Azərbaycan Prezidentinə müraciətində bildirir.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Forum

XS
SM
MD
LG