Accessibility links

Dilarə Əsgərova: İran həbsxanasında saxlanılan oğlum özünə qəsd edə bilər


Fərid Səfəeli (Fotonu Fərid Səfərlinin ailəsi təqdim edib)
Fərid Səfəeli (Fotonu Fərid Səfərlinin ailəsi təqdim edib)

İran həbsxanasında cəza çəkən Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun səhhətinin kəskin pisləşdiyini və onun depressiyadan əziyyət çəkdiyini bildirb.

Almaniyada yaşayan Dilarə Əsgərova Amerikanın Səsinə deyib ki, Fəridin psixoloji durumunda son günlər gərginlıik yaranıb, o özünə qəsd edə bilər.

O, Azərbaycanın rəsmi qurumlarını heç bir günahı olmadan İranda həbsdə saxlanılan oğlunun azad edilməsinə çağırıb.

“Fəridlə hər gün telefonla danışırıq. Fəridin son zamanlar psixoloji durumu yaxşı deyil. Mən özüm həkiməm, Fəridin depressiyadan əziyyət çəkdiyini aydın hiss edirəm. Həbsxanda həkimlər də Fəridi müayinə edib və müalicə yazıblar. Fərid dərmanları içməkdən imtina edib. Hətta həbsxana rəisinin cəhdinə baxmayaraq imtina edib. O bunu həm həbsinə etiraz kimi qəbul edilməsinə görə edir, həm də düşünür ki, alışqanlıq yaradan dərmanlar verə bilərlər”, o qeyd edib.

Dilarə Əsgərova oğlu ilə telefonla danışanda özünün də əziyyət çəkdiyini bildirir.

“Biz adətən səhər tezdən telefonla danışırıq. Səhər açılan kimi mənim də əzabım başlayır ki, Fəridlə necə danışacam, necə cavab verəcəm. O mənə sual verir ki, onu niyə azad ertmirlər? Mən niyə burada qalmalıyam? Tükənmiş bir insanı düşünün. Fərid bax o vəziyyətdədir. Saxlanıldığı otaqda internet, televizor, kitab yoxdur. Heç bir məşğuliyyəti yoxdur. On iki nəfərlik bir kamerada saxlanılır. Fərid həyatını həmişə səmərəli keçirib. Dil öyrənib, nə isə öyrənməyə çalışıb. Orada günahsız yerə qalmağı ilə barışa bilmir. Mən hər dəfə onu sakitləşdirməyə çalışanda deyirəm ki, Fərid iki ildir, amma on il də ola bilərdi. Yəni belə bir təsəlli verəndə deyir ki, burada 3 il həbs alan Pakistan vətəndaşı var idi. Həbsinin qurtarmasına az qalmış yenidən protest verib həbs müddətini uzatdılar. Yəni o qədər ruhdan düşüb ki, hətta oradan çıxıb qayıda biləcəyinə ümidi yoxdur”.

Dilarə Əsgərova Azərbaycan hakimiyyət orqanlarına oğlunun azad edilməsinə kömək etmələri ilə bağlı bir daha müraciət edib.

“Mən üzümü tuturam Azərbaycan rəsmilərinə, bu işlə məşğul olun. Mənimlə danışanda deyirsiniz, iş gedir hər şey yaxşı olacaq. Amma mən nəticə görmürəm. Ermənistanda əsir olan iki hərbçini azad etməyə qüdrəti olan bir dövlət heç bir günahı olmayan bir vətəndaşı azad edə bilmir. Bunu mən başa düşə bilmirəm. Fəridin hökmünü mən Xarici İşlər Nazirliyinə də, Ədliyyə Nazirliyinə də göndərmişəm. Özləri də görüblər ki, burada heç bir sübut yoxdur. Ancaq qondarma, gülməli ittihmlardır. Nəyi gözləyirsiniz? Fəridin danışıqlarından mən onun özünə qəsd edə biləcəyini düşünürəm. Gözləyirsiniz, Fərid özünə qəsd etsin, sonra onu gətirəsiniz? Mənə onun belə gətirilməsi lazIm deyil. Fəridi sağlam gətirin. Fərid özünə qəsd etsə, başına bir iş gəlsə siz mənə cavab verə bilərsiniz? Xahiş edirəm bu işi sürətləndirin. Nə qədər olar deyəsiniz ki, danışıqlar gedir, danışıqlar gedir. Danışıqlar gedirsə, bəs nəticə hanı? Necə olur ki, heç bir günahı olmayan bir uşağı gətirmək mükün olmur. Biz nə qədər əzab çəklməliyik”, ana həyəcanla qeyd edib.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş "casusluq" ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG