Lui Bono və Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Ceyhun Bayramov və Lui Bono (Mənbə: Xarici İşlər Nazirliyi)

Mayın 24-də Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan arasında sülh prosesi, "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb.

"Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb", məlumatda qeyd edilir.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

ABŞ Dövlət Departamentinin baş müşaviri Lui Bono ilə nazir Ceyhun Bayramovun görüşü mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli formatda keçiriləcək görüşü ərəfəsinə təsadüf edir.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Vaşinqton görüşündən sonra Brüssel görüşü ərəfəsində mayın 10-dan 13-dək Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Hər iki tərəfdən ölən və yaralananlar olub.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında üçtərəfli və ikitərəfli formatda görüşlər olub.

"Tərəflər "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər", Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.