Türk Dövlətləri Təşkilatı Türkiyədə baş verən zəlzələlərlə bağlı zirvə görüşü keçirib

Türk Dövlətləri Təşkilatının Türkiyədə baş verən zəlzələlərlə bağlı zirvə görüşü (Rəsmi foto)

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib.

Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Bu tədbirin Azərbaycanın Şuşa şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan prezidenti Türkiyəyə dəstək məqsədilə zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, fevralın 6-da baş verən zəlzələlərin şiddəti və onların törətdiyi dağıntıların böyüklüyü ilə bağlı beynəlxalq birliyi yardıma çağııb.

"Türk dünyası ilk yardım edənlər arasında oldu. Bizi ən çətin anımızda tək qoymadınız. "Dərd paylaşdıqca azalar" anlayışı ilə vətəndaşlarımızı həyata qovuşdurduq. Qurduğunuz səhra xəstəxanaları ilə yaralılarımızın müalicəsinə kömək etdiniz. Göndərdiyiniz çadırlar vətəndaşlarımızın yurdu oldu. Sevgili millətimiz heç vaxt unutmayacaq. Birləşmiş Millətlər Təşkilatı fevralın 16-da Türkiyəyə təcili yardım çağırışı etdi. Avropa İttifaqı Komissiyası və Beynəlxalq Donorlar Konfransı martın 20-də İsveçdə keçiriləcək. Bu beynəlxalq yardım fəaliyyətlərini dəstəkləyəcəyinizə şübhəm yoxdur", o qeyd edib.

Prezident deyib ki, gələn il 319 min, ümumilikdə isə 650 min ev tikib təhvil verilməsi planlaşdırılır.

"İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələ bölgəmizi çox qısa müddətdə ayağa qaldırarıq", Ərdoğan bildirib.

O, zəlzələ fəlakətinin açdığı yaraların öhdəsindən həmrəylik və əməkdaşlıqla gəlinəcəyinə inanır.

"Bugünkü məsləhətləşmələrimizin türk dünyasının fəlakətlərə qarşı hazırlıq səviyyəsinin artırılması və bu sahədə əməkdaşlığın gücləndirilməsi baxımından xeyirli olacağına inanıram. Birliyimiz gücümüzdür", o qeyd edib.

Türk Dövlətləri Təşkilatı Türkiyədə baş verən zəlzələlərlə bağlı zirvə görüşü keçirib (Rəsmi foto)

Prezident İlham Əliyev deyib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olub.

"Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib".

Dövlət başçısının sözlərinə görə, Azərbaycandan bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb.

"Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq", o qeyd edib.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yükunu olaraq Ankara Bəyannaməsi imzalanıb.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti zirvə görüşü bu ilin oktyabrında Qazaxıstanda keçiriləcək.