Accessibility links

Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək verməyə hazır olduğunu bildirib


Türk Dövlələri Təşkilatının emblemi
Türk Dövlələri Təşkilatının emblemi

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik.”

Bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında deyilir.

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik,” sənəddə qeyd edilir.

Türk Dövlətləri Təşkilatı (ilk adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub-red) 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə yaradılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan müşahidəçi dövlətlərdir.

Təşkilatın yaradılması 2006-cı ildə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 2019-cu ilin mayında Nursultan Nazarbayev qurumun ömürlük fəxri rəhbəri seçilib.

Türk Dövlətləri Təşkilatının mərkəzi ofisi İstanbulda (ümumi katiblik), Parlament Assambleyası Bakıda və Türk Akademiyası Nur-Sultanda yerləşir.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Buna baxmayaraq ölkə boyu mitinqçilər hökumət binalarını, hava limanlarını ələ keçirir. Daxili toqquşmalar zamanı ölənlər və çoxsaylı xəsarət alanlar var.

Prezident Kasım-Jomart Tokayev bildirib ki, aksiyalar və ixtişaşlar xarici qüvvələr tərəfindən idarə olunur. O ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Yanvarın 5-də Qazaxıstan hökumətinin çağırışı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingenti bu ölkəyə daxil olub. Qazaxıstana göndərilən KTMT kontingentinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələrinin daxil olduğu bildirilir.

Bununla yanaşı, KTMT-nin Qazaxıstana göndərdiyi hərbi qüvvələrin sayı və hansı ölkənin neçə hərbçi göndərməsi barədə məlumat verilmir.

XS
SM
MD
LG