İctimai fəal Bəxtiyar Hacıyev 7 gündür aclığı davam etdirir. O, azı 4 kiloqram çəki itirib.
Bu barədə vəkil Zibeydə Sadıqova dekabrın 21-də 1 sayli Bakı İstintaq Təcridxanasında saxlanılan ictimai fəalla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib.
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, Bəxtiyar Hacıyev bu gün ilk dəfə həkim müayinəsindən keçirilib.
"Onun təzyiqi, ürək döyüntüləri, qan analizi, çəkisi yoxlanılıb. Mənə dedi ki, təcridxanaya daxil olarkən çəkisi 84 və ya 84,5 kiloqram olub. Ancaq indi 80 kiloqramdır. Aclığı davam etdirir. Yalnız maye qəbul edir. Səhhəti də 7 gün aclıq edən adamın səhhəti kimidir" , o qeyd edib.
Vəkil bildirib ki, Bəxtiyar Hacıyev bu gün artıq yeni xüsusi bir kameraya yerləşdirlib.
Bu gün birinci dəfə olaraq həm də həkim müayinəsindən keçirilib.
Zibeydə Sadıqova Hacıyevin qeyri-insani rəftara, işgəncəyə məruz qalıb-qalmaması ilə bağlı sualın cavabında deyib ki, Bəxtiyar Hacıyev onunla söhbətində də, məhkəmədə də saxlanma şəraitinin çox pis olduğunu deyib.
"Baxmayaraq o, aclıq edirdi, qaranlıq, işığı olmayan, soyuq otaqda saxlanılıb. Bunları məhkəmədə də bildirdi. Amma bu gün yeni bir otağa köçürülüb. Otaqda çarpayı var, təmiz yataq dəsti var. Bu günədək həkim müayinəsi yox idi, lakin bu gün həkim müayinəsi bərpa olunub".
Hacıyev vəkili vasitəsi ilə onu müdafiə edən şəxslərə salam göndərib.
"Dedi ki, o möhkəmdir, aclığı davam etdirmək niyyətindədir. Özünün həbsinə etiraz olaraq aclıq edir. Əlbəttə bildirdi ki, heç bir əməl törətməyib ki, onu həbs etsinlər. Bir də həbsinin onun fəaliyyəti ilə əlaqəli olduğunu bildirdi".
Vəkil Xətai rayon Məhkəməsinin Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirinin ev dutaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətinin təmin edilməsməsi qərarından bu gün apellyasiya şikayəti verilidyini deyib.
Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.
Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.
Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.
Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.
Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 7 gündür aksiyanı davam etdirir. Dekabrın 20-də isə Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib.