Accessibility links

Həbsdə olan müxalifət fəalının həyat yoldaşı təhdid olunduğunu bildirib


Aygün Hümbətova
Aygün Hümbətova

Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə bildirib ki, təhdid altındadır.

"Noyabrın 28-də Bakının Zirə qəsəbəsindəki evimdən çıxıb Ali Məhkəmədə həyat yoldaşımın işinin ədalətli araşdırılması tələbi ilə etiraz aksiyası keçirməyə gedəcəkdim. Bu zaman evimin qarşısında iki polis avtomobili gördüm. Məni zorla onlardan birinə mindirib Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada zabit Tərxan Əliyev mənimlə nəzakətlə söhbət etdi, həyat yoldaşımın işinə baxılması və üç övladımıza sosial yardım haqqında tələblərimin yerinə yetiriləcəyini dedi. O, etiraz aksiyaları keçirməyə son qoymağımı xahiş etdi. Adını bilmədiyim digər zabit isə mənimlə kobud danışdı, iki azyaşlı uşağımı evdə qoyub Bakıya getdiyim üçün mənim pis ana olduğumu, buna görə polisin məni dəli kimi ruhi xəstəxanaya yerləşdirəcəyini, uşaqları isə uşaq evinə göndərəcəyini dedi," o qeyd edib.

"Mənə xəbərdarlıq etdilər ki, bir daha etiraz aksiyası keçirsəm polisin təhdidinə məruz qalacam," o əlavə edib.

Aygün Hümbətovanın sözlərinə görə, o, həqiqətən altı və 3 yaş yarım olan iki uşağını evdə qoymaq məcburiyyətindədir, çünki böyük, on yaşındakı oğlu ilə Bakıya həkimə gedir. Evdə qalan uşaqlara baxacaq adam yoxdur.

“Böyük oğlum autizm xəstəsidir. Ailəm xəstə uşaq üçün 280 manat müavinət alır və Azərbaycan Xalq Cəbhəsi Partiyası kömək edir. Taksiyə verəcək pulum yoxdur, Bakıya gedərkən də, qayıdarkən də, xəstə oğlumla birgə üç dəfə avtobus dəyişirəm. Hakimiyyət həyat yoldaşımı təqsirsiz olduğu halda həbs edib. Onu faktiki olaraq müxalifətin mitinqlərində fəal iştirakına və müxalif mövqeyindən dönmədiyinə görə cəzalandırıblar. Həyat yoldaşım metal və kağız qırıntıları yığıb satmaqla ailəni dolandıran yeganə insan idi. İndi mən və üç uşağım yarıac-yarıtox yaşamağa məcburuq, hələ həbsdə olan həyat yoldaşıma ərzaq bağlaması da göndərməliyəm,” o qeyd edib.

Hümbətovanın tələbləri Ali Məhkəmədə həyat yoldaşının işinə ədalətli baxılması, övladları üçün sosial yardımın təmin edilməsi, onlara uşaqlara baxmağa kömək üçün sosial işçi xidməti göstərilməsi, uşaqlara pulsuz loqoped yardımı və Aqil Hümbətovun Penitensiar Xidmətin klinikasında müalicə olunmasıdır. Həbsdə olan Hümbətov xəstədir, həyat yoldaşı hesab edir ki, Penitensiar Xidmətdə Hümbətov lazımi tibbi yardımla təmin edilmir.

"Polis məni necə təhdid edirsə etsin, mən həyat yoldaşım və uşaqlarım üçün sona qədər mübarizə edəcəyəm. Onların təhdidləri məni qorxutmur. Jurnalistlərdən dediklərimi yaymağı xahiş edirəm, ümidim cəmiyyətin köməyinədir. Aqil Hümbətov təqsirsizdir, onun övladları acından ölməməlidir," deyə Hümbətova Amerikanın Səsinə bildirib.

2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.

Aqil Hümbətov ötən il avqustun 11-də saxlanılıb və Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.

Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ititham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir. Bundan bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə psixiatriya xəstəxanasına yerləşdirilmişdi.

Daxili İşlər Nazirliyi Hümbətovanın təhdidlər haqqında bəyanatını inkar edir. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Hümbətova dəfələrlə həqiqətə uyğun olmayan bəyanatlar verib.

"Polis vətəndaşların analıq hüququndan məhrum edilməsi və ruhi xəstəxanalara yerləşdirilməsi ilə məşğul olmur," o qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG